Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

TACİKİSTAN RESPUBLİKASININ AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ RÜSTƏM SOLİ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB

09.04.2019

Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin qarşısında qonaqları salamlayan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov onları ali təhsil ocağında  görməkdən məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının strukturu,  universitetin yaranma tarixi, keçdiyi inkişaf yolu, buradakı tədris-mədəniyyət mərkəzlərinin fəaliyyəti barədə məlumat verib, universitetin bir sıra ölkələrin tanınmış ali təhsil müəssisələri ilə sıx əlaqələrə malik olduğunu bildirib.
 
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən tədbiri giriş sözü ilə açan - rektor ali təhsil ocağının beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini bildirib. Səfir Rüstəm Soli səmimi qəbula görə öz təşəkkürünü bildirib, daha sonra öz həyat yolu, Tacikistanda həyata keçirilən islahatlar, ölkə təhsilindəki yeniliklər barədə tələbələrə rus dilində mühazirə deyib. Tacikistanla Azərbaycanın qədim dostluq tarixinə nəzər salan diplomat  həmin ənənələrin bu gün də uğurla davam etdirildiyini qeyd edib.  Universitetlərarası münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edən səfir bunun üçün Naxçıvan Dövlət Universitetində çox böyük potensialın olduğunu, təhsil və elm sahəsində yeni layihələrin icra olunması istiqamətində istənilən dəstəyi göstərməyin mümkünlüyünü söyləyib.
Sonra tələbələrin səfirə ünvanladıqları suallar cavablandırılıb.