Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA “AZƏRBAYCANDA DOKTORANTURA TƏHSİLİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ VAHİD AVROPA ALİ TƏHSİL MƏKANININ TƏLƏBLƏRİNƏ UYĞUN STRUKTURLAŞDIRILMASI” LAYİHƏSİ ÜZRƏ (NİZAMİ LAYİHƏSİ) GÖRÜŞ KEÇİRİLİB

11.04.2019

Fransanın Montpelyer Universitetinin NİZAMİ layihəsi üzrə  koordinatoru Veronik  Montero, layihənin meneceri Artur Resve, layihənin assistantı Ana Yanyuseviç, Erasmus+ Milli ofisinin rəhbəri Pərviz Bağırov Naxçıvan Dövlət Universitetində olub. NİZAMİ layihəsinin universitetdə necə icra olunduğuna nəzarət etmək məqsədini daşıyan görüşdə universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Qeyd olunub ki, elm və təhsilin inteqrasiyası baxımından böyük əhəmiyyətə malik olan bu layihə Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Rektor “NİZAMİ Layihəsi”nin əhəmiyyətindən söz açaraq bildirib ki, layihə doktorant və dissertantların müdafiəyə qədər və müdafiə prosedurunu asanlaşdırmaqla yanaşı, onların fəaliyyətinin daha şəffaf və obyektiv qiymətləndirilməsinə imkan verəcək.  Rektor bildirib ki, gələcəkdə doktorant və dissertantların birliyi yaradılması artıq bir tələb kimi ortaya qoyulub və bu istiqamətdə artıq müəyyən dərəcədə uğura da nail olunduğu diqqətə çatdırılıb.
 
Naxçıvan Dövlət Universitetinin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov qeyd edib ki, hal-hazırda 17 elmi istiqamət üzrə 38 ixtisas hazırlığı aparılan universitetdə fəlsəfə doktoru proqramı üzrə 143, elmlər doktoru üzrə isə 22 elmi kadr hazırlanır. Vurğulanıb ki, universitetdə doktorant və dissertantların elmi səviyyəsini yüksəltmək üçün seminarlar təşkil edilir, kafedralarda mövcud ixtisaslara uyğun məruzə ilə çıxış edən müəllimlərin respublika və beynəlxalq konfranslarda da iştirakı təmin olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə foktoru Leyla Səfərova akademiyanın elmi potensialından danışıb. Bildirilib ki, 30 fəlsəfə 25 elmlər doktoru üzrə ixtisas hazırlığı aparılan  akademiyada, həmçinin İran və Türkiyədən də olmaqla doktorant hazırlığı aparılır.

 “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu layihənin uğurlu cəhətlərindən və öz universitetləri üçün gələcək perspektivlərindən söhbət açıb.

Naxçıvan Müəllimlər İnstitutnun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanov pedaqogika və psixologiya hazırlığı istiqamətində institun fəaliyyətindən söhbət açıb.

Xarici tələbələrlə iş üzrə dekan, filologiya üzrə fəlsəfə doktoru, dosent Ceyran Quliyeva Avropa İttifaqının “NİZAMİ Layihəsi” barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanın bir çox universitetləri iştirak edən layihədə əsas məqsəd Azərbaycanda doktorantura təhsilini təkmilləşdirmək, struktur, məzmun və ideya baxımından zənginləşdirərək Avropa standartlarına uyğunlaşdırmaqdır.

NİZAMİ layihəsi üzrə  koordinatoru Veronik  Montero, layihənin meneceri Artur Resve çıxışlarında bildiriblər ki, layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır. Bu təhsil səviyyəsində keyfiyyətin təminatı və beynəlmilləşməyə nail olunması, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi və ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən portalın yaradılması da layihəsinin əsas məqsədlərinə aiddir.

Erasmus+ Milli ofisinin rəhbəri Pərviz Bağırov bildirib ki, 2015-ci ildə icrasına başlanılan layihənin ölkə üzrə əlaqələndiricisi Təhsil Nazirliyidir. 2020-ci ildə yekunlaşacaq layihənin gələcək perspektivlərə imkan yaradacağı vurğulanıb.

Sonra qonaqlar universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində doktorant və dissertantların elmi işləri ilə daha rahat və asan məşğul olmaları üçün müasir avadanlıqlarla təchiz olunan otaqlarla tanış  olub. Bildirilib ki, yaradılan mövcud şərait layihənin yerlərdə uğurla icrasını təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, rektor başda olmaqla universitetin bir qrup müəllim heyəti aprelin 1-dən 4-nə kimi Fransanın Montpelyer şəhərində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsi ilə bağlı yekun görüşdə iştirak ediblər.

Görüşdə layihə çərçivəsində iş planına uyğun olaraq Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və tərəfdaş ali təhsil müəssisələrinin yekun hesabatları dinlənilib. Həmçinin layihənin əhəmiyyəti, əsas nəticələri və perspektivləri müzakirə olunaraq, tərəfdaş universitetlər hesabatlarla çıxış ediblər.