Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA KİTAB TƏQDİMATI KEÇİRİLİB

11.04.2019

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində görkəmli bəstəkar, Azərbaycan Respublikasının  Xalq artisti, “Şöhrət” ordenli professor Tofiq Bakıxanovun “Naxçıvan təranələri” adlı kitabının təqdimatı keçirilib.

Fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova tədbiri giriş sözü ilə açaraq Tofiq Bakıxanovun yaradıcılığının çoxşaxəli və məhsuldar olduğunu, eyni zamanda universitetimizdə ustad dərsləri keçdiyini də qeyd edib. Nəzərə çatdırılıb ki, bəstəkar musiqinin bütün janrlarına müraciət edib və maraqlı əsərləri ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsinin zəngin yaradıcılığından, sənətinə göstərilən yüksək diqqət və dövlət qayğısından danışıb.

Yaradıcılığının ikinci səhifəsini Naxçıvanın təşkil etdiyini, hər konsertində Naxçıvana xüsusi yer verdiyini deyən Tofiq Bakıxanov kitabın məğzindən söhbət açıb. Diqqətə çatdırılıb ki, kitabda Naxçıvan şairlərinin şerlərinə bəstələnmiş mahnı və romanslar yer alıb.
Sonra kitabda təqdim olunan mahnı və romanslardan hissəciklər səsləndirilib.
.