Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

PEDAQOJİ TƏCRÜBƏNİN BAŞLANĞIC KONFRANSI KEÇİRİLİB

11.04.2019

Naxçıvan Dövlət Universitetində 2018-2019-cu tədris ilinin ikinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov pedaqoji təcrübənin yüksək ixtisaslı, mənəvi-əxlaqi dəyər və keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərməsindəki rolundan danışıb. Pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin  pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyindən danışıb. Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı  arzulayıb.

Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov Azərbaycanda, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bugün də ölkə prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi təhsil strategiyasından danışıb. Qeyd edilib ki, muxtar respublikada təhsilin inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir, maddi-texniki baza gücləndirilir. Nazir bildirib ki, məhz həmin təhsil strategiyasının nəticəsi kimi son illər Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil məktəblərinin binaları yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub, lazımi avadanlıqlarla təchiz  olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib. Bildirilib ki, 200-dən çox orta ümumtəhsil məktəbərində 40000-dən çox şagirdin təhsil alması üçün labarotariya, fənn-tədris kabinələri, 600-dən çox elektron lövhə, 5500-dən çox kompüter dəstləri  quraşdırılıb.

Ali təhsil müəssisələrinə qəbul olan 1781 tələbənin 764 nəfərinin Naxçıvan Dövlət Universitetini seçdiyini diqqətə çəkən çəkən nazir yüksək bal toplayan 331 tələbənin 174-nün də  yenə də bu ali təhsil ocağının payına düşdüyünü qeyd edib. Nazir 764 tələbənin 292-nin müəllim peşəsini seçməyini isə muxtar respublikada təhsilə, elmə göstərilən yüksək dövlət qayğısının təzahürü kimi qiymətləndirib.  Müəllimlərin işə qəbulu qaydalarının 2018-ci ildən artıq Dövlət qəbulu komissiyası tərəfindən test üsulu ilə həyata keçirildiyi və 119 gəncin artıq işlə təmin edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, məktəblərdə təhsilin keyfiyyətinin yaxşılaşdırlması istiqamətində elmi dərəcəli müəllimlərin ayda bir dəfə olmaqla təhsil aldıqları məktəblərdə keçdikləri nümunəvi dərslər, Akademiyanın Naxçıvan bölməsi ilə, muzeylərlə birgə keçirilən interaktiv dərslər şagirdlərin dünyagörüşündə əhəmiyyətli dərəcədə rol oynayır. Nazir təcrübə müddətində tələbələri təhsillə bərabər məktəblərdə keçirilən tədbirlərdə uğurlu fəaliyyətə səsləyib.

Pedaqoji təcrübənin təşkilinə aid müasir tələblər və qarşıda duran vəzifələr barədə çıxış edən Tədris şöbəsinin müdiri Şahin Əliyev bildirib ki, universitetin əyani şöbəsində 15 şəhər, 2 kənd məktəbi olmaqla, 17 ixtisas üzrə cəmi 456 tələbə artıq pedaqoji təcrübəyə başlayır. III kursların yeddi  həftə ərzində pedaqoji təcrübə keçəcəkləri, kredit təhsil sistemi ilə əlaqədar tətbiq olunacaq yeniliklər, sənədləşmə işləri – təcrübə jurnallarının, məktəb rəhbərlərinin və təcübəçilərin iş planlarının, icmal və gündəliklərin, hesabatların hazırlanması haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, pedaqoji təcrübənin yekununda baloniya sisteminə uyğun olaraq 100 ballıq sistem üzrə qiymətləndirilmə aparılacaq.

Pedaqogika və psixologiya kafedrasının müdiri Sevinc Orucova tələbələri təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər haqqında məlumatlandırıb.
Sonda metodik dərs vəsaitləri və orta məktəb dərslikləri nümayiş olunan sərgiyə baxış olub. Qeyd edək ki, 170-dən çox olmaqla təqdim edilən dərs vəsaitləri universitetin kitabxanasına Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyi tərəfindən təqdim edilib.