Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA “YER KÜRƏSİ GÜNÜ” QEYD OLUNUB

20.04.2019

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində “Yer Kürəsi Günü” adlı elmi-praktik konfrans keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, "Yer Kürəsi Günü" ilk dəfə 1970-ci ildə keçirilib. 2009-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, beynəlxalq "Yer Kürəsi Günü" hər il 22 aprel tarixində qeyd olunur.

Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əli Həsənov “Yer kürəsi günü”nün qeyd edilməsi və Yer kürəsinin inkişaf tarixi” mövzusunda çıxış edərək bu bayramın tədricən beynəlxalq xarakter aldığını, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunduğunu bildirib. Nəzərə çatdırılıb ki, “Beynəlxalq Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır.

 Coğrafiya müəllimliyi ixtisası üzrə IV kurs tələbələri Nərmin Nağıyeva “Naxçıvan Muxtar Respublikasında bitki örtüyünün mühafizəsi məsələləri” mövzusunda, Nazəni Abbasova “Naxçıvan Muxtar Respublikasında torpaq deqradasiyası və onun mühafizəsi məsələləri” mövzusunda çıxış ediblər.

Sonda mövzu ilə bağlı videoçarx izlənildikdən sonra ağacəkmə aksiyasına start verilib.