Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA HAMİLİK TƏDBİRLƏRİNİN KEÇİRİLMƏSİ DAVAM EDİR

23.04.2019

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və hüquq fakültəsinin tələbələri ilə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan Sosial İdarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə elmlər doktoru Qərib Allahverdiyev komissiya tərəfindən keçirilən bu cür seminarların tələbələrin gələcək inkişafı üçün əhəmiyyətli olduğunu qeyd edib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri Əjdər Əliyev çıxış edərək bildirib ki, ali və orta ixtisas məktəblərindəki ixtisasların hamiliyə verilməsi kadr potensialının dəstəklənməsi ilə yanaşı, həm də gənclərin istedadlarının üzə çıxarılması, ideyalarının diqqətə alınması və ilkin startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addım olub. Diqqətə çatdırılıb ki, sərəncamda “İdeyadan başlanğıca” devizi altında hamiliyə verilən təhsil müəssisələri tərəfindən hami təşkilatlarla birgə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin – startapların həyata keçirilməsi, hami təşkilatlarda layihələrin dəyərləndirilməsini həyata keçirən ekspert qrupları və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin yaradılması, həmin layihələrin – startapların qəbulunun və təqdimatlarının keçirilməsinin təmin edilməsi qərara alınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əhliman Xıdırov və Mehman Allahverdiyev “Mülki prosesdə sübutlar” və “Nikah müqaviləsi” mövzusunda çıxış edərək ediblər. Eyni zamanda hakimlər məhkəmə təcrübələrini tələbələrlə bölüşüblər.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.