Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA CƏLİL MƏMMƏDQULUZADƏNİN 150 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR OLARAQ KARİKATURA ÜZRƏ SƏRGİ TƏŞKİL EDİLİB

24.04.2019


Naxçıvan Dövlət Universitetində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar olaraq İncəsənət fakültəsində karikatura üzrə sərgi təşkil edilib. 55 tələbənin 75 əsəri nümayiş olunan sərgidə  universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamlara uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirildiyini bildirib.  Rektor Sərəncamların təkcə Mirzə Cəlilə deyil, bütünlükdə Azərbaycan ədəbiyyatına verilən dəyər kimi qiymətləndirib. Bildirilib ki, Azərbaycanda karikaturanın ilk əlamətlərinə orta əsr rəssamlarının yaradıcılığında təsadüf edilir. Qeyd edilib ki, müstəqil janr kimi XX əsrin əvvəllərində rus satirik qrafikası və "Molla Nəsrəddin" jurnalının ideya-bədii təsiri nəticəsində yaranan karikatura 1952-ci ildə "Kirpi" jurnalının nəşri ilə mövzu dairəsini daha da genişləndirib.

Azərbaycan Respublikasanın Xalq Rəssamı, Təsviri incəsənət kafedrasının müdiri, Hüseynqulu Əliyev Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutan, böyük yazıçı və ictimai xadim, Naxçıvan ədəbi mühitinin yetirməsi, “Molla Nəsrəddin” satirik məcmuəsinin və eyniadlı ədəbi məktəbin yaradıcısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, dövri mətbuatda, xüsusi satirik jurnallarda öz əksini tapan karikaturalara Azərbaycanda ilk dəfə, təxminən, XIX əsrin ortalarında təsadüf edilib.  Rəssam dövrün ictimai eyiblərini açıqca ortaya qoyan jurnalın səhifələrində karikatura ustaları, Molla Nəsrəddinçi rəssamlar Ə.Əzimzadə, O.Şmerlinq, İ.Rotter, X.Musayev və başqalarının adını sadalayıb. Təşkil edilən sərginin həm müəllimlərin, həm də tələbələrin yaradıcılığında mühüm əhəmiyyət kəsb etdiyi  vurğulanıb.
Sərgidə əl işləri nümayiş olunan tələbələr universitetin sertifikatı ilə təltif ediliblər.