Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA KEÇİRİLƏN FUTBOL TURNİRİNDƏ XARİCİ TƏLƏBƏLƏR QALİB OLUB

24.04.2019

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr futbol yarışlarında göstərdiyi uğurlu nəticəyə görə mükafatlandırılıblar. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov ali təhsil ocağının hər bir sahədə olduğu kimi idmanda, xüsusən də futbolda nailiyyətlərinin kifayət qədər olduğunu diqqətə çatdırıb. Bu cür idman tədbirlərində xarici tələbələrin də iştirakının sevindirici olduğu vurğulanıb. Qeyd edilib ki, təşkil edilən futbol komandası universiadada göstərdiyi uğurlu nəticəyə görə hətta Azərbaycan, Türkiyə universitetləri arasında keçirilən futbol çempionatına da qatıla bilər. Prorektor qalib komandanın hər bir üzvünü təbrik edib, tələbələrə pul mükafatı təqdim edilib.

Xarici tələbələr üzrə dekan, dosent Ceyran Quliyeva əcnəbi tələbələr üçün yaradılan hərtərəfli şəraitə görə minnətdarlığını ifadə edib. Tələbələrdən Stomatologiya ixtisası üzrə hazırlıq kursunun tələbəsi Gür Çetin, Menecment ixtisası üzrə hazırlıq kursunun tələbəsi nigeriyalı Samson Oni Olavale vurğulayıb ki, muxtar respublikada rahat, öz evimizdəymiş kimi hiss etməyimizə yaradılan şərait bizi təhsillə bərabər, boş vaxtlarımızı da səmərəli keçirməyə vadar edir.
 
Qeyd edək ki, universitetdə artıq ənənəvi qaydada 16 idman növü üzrə keçirilən yarışlarda əcnəbi tələbələrin də iştirakı mütəşəkkil qaydada təşkil olunur və yarışlarda  uğurlu nəticələr əldə edilir.