Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

08.05.2019

Naxçıvan Dövlət Universitetində “Azərbaycan ədəbiyyatşünaslığının akademik Məmməd Cəfər Cəfərov zirvəsi” adlı elmi-praktik konfrans keçirilib.

Universitetin rektoru, AMEA- nın müxbir üzvü Saleh Məhərrəmov Prezident İlham Əliyevin 15 aprel 2019 – cu il tarixli akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncamını diqqətə çatdırıb.

Filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli “Akademik Məmməd Cəfər Cəfərovun ədəbiyyatşünaslıq fəaliyyətinin əsas istiqamətləri” mövzusunda çıxış edərək akademikin ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr etdiyini nəzərə çatdırıb. Qeyd olunub ki, akademik ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də, estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib.

“Jurnalistika və kitabxanaçılıq” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov “Məmməd Cəfər Cəfərov və Azərbaycan Mirzəcəlilşünaslığı” mövzusunda çıxışında bildirib ki, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Diqqətə çatdırılıb ki, akademikin geniş əhatəli elmi irsində Cəlil Məmmədquluzadə, Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur.