Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 74-CÜ İLDÖNÜMÜ QEYD OLUNUB

10.05.2019

Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsində Faşizm üzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Azərbaycan xalqı  faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Rektor bildirib ki, Ulu Öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə Qələbə Günü kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilib.

Azərbaycanlıların Böyük Vətən müharibəsində iştirakı adlı çıxışında Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli vurğulayıb ki, İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti də əvəzsiz rol oynayıb. Həmçinin akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında Azərbaycanın kimyaçı alimləri xüsusi təyinatlı yanacaq və şaxtaya davamlı sürtgü yağlarının, eləcə də partlayıcı maddələrin istehsalını təmin etməklə Qələbəyə öz töhfələrini veriblər. Diqqətə çatdırılıb ki, müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Texnologiya müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Türkanə Həsənova Naxçıvanlıların Böyük Vətən Müharibəsində iştirakı adlı çıxışında qeyd edib ki, müharibədə qəhrəmancasına döyüşən Naxçıvanlılar qələbənin qazanılmasına öz töhfələrini veriblər. Bildirilib ki, 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınıb, göstərdikləri igidliklərə görə 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, müharibə iştirakçılarından 600-ə yaxını isə orden və medallarla təltif olunub.

Sonra fakültənin tədbirlərində fəal iştirak edən bir qrup tələbəyə universitetin Fəxri Fərmanı və Sertifikatı təqdim edilib. Qeyd edək ki, mükafatlandırılan tələbələr fakültənin təşkil etdiyi müxtəlif yazı müsabiqələrində, idman yarışlarında uğur qazandıqlarına görə mükafatlandırılıb.

Sonda Universitet Televiziyasının Qələbə gününə həsr etdiyi videoçarx nümayiş olunub.