Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

GƏLƏCƏYİN İQTİSADÇILARI İLƏ “İDEYADAN BAŞLANĞICA” STARTAP LAYİHƏLƏRİ İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİLİB

15.05.2019

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinə hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müvafiq Sərəncamın icrası istiqamətində universitetdə keçirilən tədbirlərin artıq ənənə hal aldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin həyata keçirilməsi hamiliyə verilən təhsil müəssisələri və hami təşkilatlar qarşısında əsas vəzifə kimi müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikası Vergilər naziri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki, bugünkü tədbirin məqsədi qarşılıqlı fikir mübadiləsi aparmaqla, yeni innovativ fikirlərin, yeni layihələrin üzə çıxarılması və bu layihələrin gerçəkləşdirilməsində tələbələrə dəstək göstərməkdən ibarətdir. Nazir rəqəmsal texnologiyalara, elektron biznesə, proqram təminati kimi innovativ sahələrə əsaslanan startap layihələrinə tətbiq edilən  vergi güzəştləri haqqında məlumat verib. Bildirilib ki,  2019-cu ildən tətbiq edilən ən mühüm vergi güzəştlərindən biri də məhz mikro və ya kiçik sahibkarlıq subyektlərinə təqdim olunmuş startap layihələrinin 3 il müddətinə mənfəət və gəlir vergilərindən azad edilməsidir. Qeyd edilib ki, artıq hamiliyə verilmiş ixtisası tələbələri ilə Vergilər Nazirliyində “ideyadan başlanğıca” devizi altında görüşlər keçirilib, hətta müəyyən təkliflər, fikirlər, ideyalar nazirliyin rəsmi internet səhifəsində yerləşdirilmiş startap layihələrinin onlayn qəbulu bölməsinə göndərilib.
 
Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi  Qəzənfər Bayramov slayd vasitəsi ilə “Startap nədir”?, “Startap necə qurulur?” “Startapın təklif etdiyi məhsul və xidmətlər” həmçinin muxtar respublikada həyata keçirilən uğurlu startap layihələrindən bəhs edib. Tələbələr innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində məlumatlandırılıb,  startapın kiçik biznesdən fərqli cəhətləri izah edilib.
 
Nazirliyinin əməkdaşı Zahid Qənbərov vurğulayıb ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Startap layihələrinin qəbulu üçün müraciət”  bölməsi yaradılıb.  Nazirliyin saytı ilə tanış olan tələbələrə bildirilib ki, hər hansı bir ideya, layihə və ya təklif əsasında saytın startap layihələri üçün yaradılan bölməsinə müraciət edə bilər və müvafiq dəstəyi ala bilərlər.