Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA TƏLƏBƏLƏRİN İŞTİRAKI İLƏ TAMAŞA HAZIRLANIB

30.05.2019

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Süleyman Sani Axundovun “Tamahkar” komediyası səhnələşdirilib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi, Azərbaycan Bəstəkarlar  İttifaqı və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, universitetin “Teatr və mədəniyyətşünaslıq” kafedrasının dosenti, tamaşanın rejissoru Şəmsəddin Qasımov bildirib ki, Süleyman Sani Axundov dramaturgiyamıza M.F.Axundovun məşhur "Hacı Qara" əsərinin təsiri ilə yazdığı "Tamahkar" komediyası ilə gəlib. Vurğulanıb ki, dramaturq bu pyesində o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxıb. Eyni zamanda yazıçı satirik obrazının mənfi, eybəcər sifətlərini nümayiş etdirib ona gülməklə kifayətlənmir, xəsisin mənfiliyini, mənəvi boşluğunu, gülünclüyünü, onun mənsub olduğu zümrəyə də şamil edir.

Qeyd edək ki, komediyanı “Teatr və mədəniyyətşünaslıq kafedrasının “Aktyor sənəti” ixtisası üzrə ikinci kurs tələbələri səhnələşdiriblər. Baş rolda (Hacı Murad) Nahid Eldarlı, İmran rolunda Ülvi Kazımlı, Gülzar xanım rolunda Nubar Quliyeva, Məhərrəm bəy rolunda Anar Xıdırov, Şərəf xanım rolunda Elza Fərzəliyeva, Nabat rolunda Əfsanə Şirəliyeva, Qulu rolunda Abbas Həsənli, Əliqulu rolunda Amil Yusifov, faytonçu Cəfər rolunda Gursel Piriyev oynayıb.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Teatr və mədəniyyətşünaslıq” kafedrasının nəzdində fəaliyyət göstərən, 1998-ci ildə ictimai əsaslarla yaranan tələbə teatrının fəaliyyətindən danışıb. Vurğulanıb ki, Tələbə Teatr studiyasının fəaliyyəti Naxçıvan teatrı üçün ixtisaslı kadrların hazırlanması baxımından olduqca əhəmiyyətlidir.