Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

“CAHANA SIĞMAYAN ŞAİR” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

03.06.2019

Naxçıvan Dövlət Universitetində Tarix-filologiya fakültəsində  “Cahana sığmayan şair” mövzusunda elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Nəsiminin yaradıcılığı mövzu-ideya dolğunluğu, bədii müəkəmməlliyi ilə seçilir. Rektor qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 ilik yubileyinin qeyd olunması haqqında” 15 noyabr 2018-ci il tarixli Sərəncamı, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi dahi sənətkarın sənətinə verilən böyük qiymətin ifadəsidir.
 
 “İmadəddin Nəsimi yaradıcılığının ədəbi-estetik və didaktik mahiyyəti” adlı çıxışında Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli vurğulayıb ki, şairin dərin humanizmi ifadə edən zəngin yaradıcılığında hürufilik təlimi, onun kamil insan konsepsiyası mühüm yer tutur. Bildirilib ki, insanın haqqa çatması vasitəsi kimi ilahi eşq yolunu simvollaşdıran sufilərdən fərqli olaraq hürufilər zəkaya, elmə daha çox üstünlük verir, kamil insan idrakının qüdrətini önə çəkirdilər. Professor diqqətə çatdırıb ki, maraq doğuran cəhət odur ki, İmadəddin Nəsimi dünyəvi məzmunlu şeirlərində vəsf etdiyi sevgili də məhz doğma xalqın övladıdır, Azərbaycan-türk gözəlidir.

Kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu Abbasova “İmadəddin Nəsimi şeirlərində toponimlər”,  həmin kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Arifə Zeynalova “Nəsiminin dilində metonimiyaların işlənmə məqamları” mövzusunda çıxışlar ediblər.  Çıxışlarda qeyd edilib ki, Nəsimi Azərbaycan ədəbi dilinin inkişafında da böyük xidmətlər göstərib, poetik üslubun təkmilləşməsinə, duyum və deyim tərzinin cilalanmasına mühüm töhfələr verib.

Sonda fakültənin tələbələrinin şairin qəzəllərindən ibarət bədii qiraəti dinlənilib.