Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN 2019-Cİ İLİN BİRİNCİ YARISINDA YERİNƏ YETİRDİYİ İŞLƏR VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLİB

10.07.2019

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələr və 2019-cu ilin I yarısında görülmüş işlərlə bağlı çıxış edib. Qeyd olunub ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın müasirləşdirilərək daha da  möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər bu ildə də davam etdirilib. Bildirilib ki, hesabat dövrü ərzində universitetin Tibb fakültəsinin yeni tədris korpusunun istifadəyə verilməsi tibb sahəsində elmi kadr potensialının artırılması istiqamətində muxtar respublika rəhbərinin atdığı məqsədyönlü addım və universitetə bu sahə üzrə kadr hazırlığına verdiyi dəstəkdir. Rektor tədris bazasının daha da möhkəmləndirilməsi məqsədilə yeni fənn kabinələri və laboratoriyalarının qurulması, yaxud mövcud olanların zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, universitetin fakültələrinin hər birində təlimin keyfiyyətinin yüksəkdilməsinə, əyaniliyin möhkəmlənməsinə müsbət təsir göstərən texnologiyalardan istifadəyə geniş şərait yaradılıb. Universitetin beynəlxalq əlaqələrindən danışan -rektor vurğulayıb ki, ali təhsil ocağı hal-hazırda ERASMUS+layihəsi çərçivəsində ERASMUS+AESOP,  ERASMUS+PETRA, Key Action  layihələrinin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa Universitetləri ilə əməkdaşlıq edir. Ali təhsil ocağının Boloniya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbə və müəllimlərin akademik mobilliyini əsas saymaları və  bu istiqamətdə tələbə mübadiləsini davam etdirdikləri diqqətə çatdırılıb.

Naxçıvan Dövlət Universitetinin 2018- 2019-cu tədris ilində təhsil, elm və tərbiyə sahəsində yerinə yetirdiyi işlər və qarşıda duran vəzifələr barədə universitetin “Dünya iqtisadiyyatı və menecment”  kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Ceyhun Məmmədov qeyd edib ki, hazırda universitetin 12 fakültəsində bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 60 ixtisas üzrə 5336, magistratura təhsil səviyyəsində isə 81 ixtisaslaşma üzrə 326 magistrant və doktorantura səviyyəsi üzrə 165 doktorant və dissertant təhsil alır. Ali təhsilin qeyd edilən səviyyələri üzrə mütəxəssis hazırlığı ilə 43 kafedranın 360 professor-müəllim heyəti məşğul olur. Bildirilib ki, hesabat dövrü ərzində universitetdə 2 beynəlxalq səviyyəli, 2 respublika elmi-praktik konfrans keçirilib. Bu müddət ərzində  universitetin əməkdaşları tərəfindən 15 monoqrafiya, 7 dərslik, 29 dərs vəsaiti, 55 metodik vəsait və fənn proqramı, 78-i xaricdə olmaqla 573 elmi məqalə, 10-u xaricdə olmaqla 32 tezis nəşr olunub. Bu ilin altı ayı ərzində universitetin 3 əməkdaşı dosentlik, 1 əməkdaşı isə elmlər doktoru diplomu alıb. Vurğulanıb ki, universitetin beynəlxalq əlaqələrinin ilbəil genişlənməsinin sübutudur ki, bu il universitetdə təhsil alan 1 nəfər xarici dissertant da fəlsəfə doktoru alimlik dərəcəsi qazanıb. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı universitet qarşısında yeni vəzifələr –innovasiya layihələrinin məqsədyönlü axtarışı və reallaşdırılması, elmi nailiyyətlərin və yeni texnologiyaların sahibkarlıq strurkturlarına ötürülməsi, investorlar üçün cəlbedici ola biləcək layihələrin hazırlanması və s. kimi vəzifələr müəyyənləşdirir, irəli sürülən məqsədlər ali məktəblərin innovasiyalı inkişafın aktiv subyektlərinə çevrilməsini tələb edir.

Müalicə işi ixtisası üzrə VI kurs tələbəsi Bənövşə Qasımova “Naxçıvan Dövlət Universitetinin ictimai həyatında tələbələrin rolu” adlı çıxışında vurğulayıb ki, Azərbaycanda ilk dəfə olaraq məhz universitetimizin Tibb fakültəsində yaradılan Simulyasiya mərkəzi, tibbin təməli sayılan Anatomiyanı öyrənmək üçün 3D anatomiya dəsti ilə təmin edilmiş kabinetin yaradılması, fakültənin dünya standartlarına cavab verən avadanlıqlarla təmin edilməsi, gələcəyin həkimlərinə göstərilən diqqət və qayğı bizi burada təhsil almağa daha da həvəsləndirir.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri qeyd edən- rektor  ixtisaslı kadrların yetişdirilməsi, gənclərin elmi-tədqiqat işlərinə cəlbi, tədris və elmi-metodik vəsaitlərin müasir dövrün tələblərinə uyğun hazırlanması, müvafiq ixtisaslar üzrə təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə diqqətin artırılması istiqamətində konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyi vurğulanıb.