Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ QEYD OLUNUB

22.07.2019

22 iyul – Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar Naxçıvan Dövlət Universitetində tədbir keçirilib. Tədbiri giriş sözüylə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, mətbuatımızda milli jurnalistika ənənələri qorunub saxlanılır,  kütləvi informasiya vasitələri cəmiyyətin güzgüsü rolunu oynaya bilirlər. Rektor KİV-ə göstərilən dövlət dəstəyinin jurnalist kadrlarının yetişməsində oynadığı rolu xüsusilə vurğulayaraq əlamətdar tarixi gün münasibətilə universitetin media kollektivini təbrik edib.

 “Jurnalistika və kitabxanaçılıq” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva “Naxçıvan Muxtar Respublikasında Jurnalistika ixtisası üzrə kadr hazırlığı” adlı çıxışında bildirib ki, milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə və tərəqqisinə böyük töhfələr veriblər. Vurğulanıb ki, muxtar respublikamızda mətbuata göstərilən hərtərəfli qayğının tərkib hissəsi kimi, Naxçıvan Dövlət Universitetində də milli və müasir jurnalistika ənənələri formalaşaraq inkişaf edib. “Yeni Fikir” qəzetinin nəşr olunması, Universitet televiziyasının, “Nuhçıxan” radiosunun  və “Qeyrət” nəşriyyatının fəaliyyət göstərməsi, Media Mərkəzinin yaradılması universitetin elmi, sosial və mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb edir.

Sonra “Azərbaycan mediası: reallıqlar və perspektivlər”, “Tələbə jurnalistlərin yetişməsində universitetin Media mərkəzinin rolu” adlı çıxışlar dinlənilib.

Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov da çıxış edərək əlamətdar tarixi gün münasibətilə bütün kollektivi təbrik edib, gələcəyin jurnalist kadrlarına uğurlar arzulayıb. Qeyd edilib ki, universitetin Media mərkəzində tələbələrin peşəkar jurnalist kimi yetişməsi, nəzəri biliklərin praktik tətbiqinə nail olunması üçün hər cür şərait vardır. Universitetdə təşkil edilən tədbirlərin işıqlandırılması, muxtar respublika və hətta Azərbaycan mediasına çatdırılması istiqamətində  mərkəzin fəaliyyəti təqdirəlayiq dəyərləndirilib.

Sonra  rektor tərəfindən  milli mətbuatın 144 illiyi münasibətilə universitetin “Qeyrət” nəşriyyatında, media mərkəzində çalışan bir qrup əməkdaşa pul mükafatı təqdim edilib.