Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ TƏLƏBƏLƏRİ TÜRKİYƏDƏ TƏCRÜBƏLƏRİNİ UĞURLA BAŞA VURUBLAR

24.07.2019

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin müxtəlif universitetləri arasında bağlanmış ikitərəfli müqavilələrə müvafiq olaraq universitetin  Tibb fakültəsinin tələbələri qardaş ölkədə yay istehsalat təcrübəsi keçiblər.

Türkiyənin 4 universitetində: Ərzurum Atatürk Universiteti, Trabzon Qaradəniz Texnik Universiteti, Ərzincan Binəli Yıldırım Universiteti, Kayseri Erciyes Universitetinin kliniki xəstəxanalarında iyulun 8-dən 19-a qədər davam edən təcrübədə  ümumilikdə 122 nəfərlik tələbə-müəllim heyəti iştirak edib. Müalicə işi, Tibbi profilaktika, Əczaçılıq və Stomatologiya ixtisası üzrə tələbələr hər gün saat 09:00 dan 17:00 dək qruplar üzrə Cərrahiyyə, Pediatriya, Təcili Tibbi Yardım, Kardiologiya, Ginekologiya və Terapiya bölümlərində qrafik üzrə praktiki məşğələlərdə, xəstə müayinə və müalicələrində iştirak ediblər. Universitetin Cərrahiyyə, Stomatologiya, Qulaq-burun-boğaz ixtisasları üzrə rezident-həkimləri ixtisaslarına uygun olaraq müayinə-müalicə proseslərində iştirak edib, öz bilik və bacarıqlarını artırıblar. Xəstələrin müayinəsində də iştirak edən tələbələr həkimlərin xəstəxanada keçdikləri mühazirələri dinləyiblər.

Tələbələr təcrübə dövründə eyni zamanda olduqları şəhərlərin mədəniyyət mərkəzləri və tarixi abidələri ilə tanış olmaq imkanı əldə  ediblər. Qardaş ölkədə xüsusi qayğı ilə əhatə olunan tələbələrə  sonda təcrübə keçdikləri universitetlər tərəfindən müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti ilə Qaradəniz Texnik Universiteti ilə müqaviləyə əsasən ortaq konfranslar, tələbə və rezident mübadilələri, müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub və bu günədək bu sahədə müxtəlif addımlar atılıb. Universitetlərarası qarşılıqlı əlaqə, təcrübə mübadiləsi tələbələrin gələcəkdə bilik və bacarıqlarının artırılmasında, yüksək ixtisaslı kadr kimi formalaşmasında mühüm əhəmiyyətə malikdir.