Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA 1 AVQUST AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ QEYD EDİLİB

31.07.2019

Naxçıvan Dövlət Universitetində 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, bugün Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında Sərəncamına əsasən hər il qeyd edilir. Vurğulanıb ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət dil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixdə imzaladığı “Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqinda” Sərəncamı,   2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı Azərbaycan dilinə və dilçiliyinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək mühüm işlərin həyata keçirilməsinə şərait yaradıb. Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikamızda da dövlətimizin dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılması da ana dilimizə ehtiramın ifadəsidir.

 “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Arifə Zeynalova  “Azərbaycan əlifbasının yaranma tarixi və inkişafında tarixi şəxsiyyətlərin rolu” adlı çıxışında Azərbaycan əlifbasının keçdiyi inkişaf mərhələlərinə toxunub. Ümummilli ¬liderimiz Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində, onun qorunmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərindən ətraflı bəhs edilib. Qeyd olunub ki, görkəmli dövlət xadimi Azərbaycan dilini xalqımızın ən böyük dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin əsas rəmzlərindən biri kimi hər zaman yüksək dəyərləndirib.

“Azərbaycan dili varlığımızdır” adlı çıxışında həmin kafedranın doktorantı Günay Ələkbərova son dövrlərdə dilimizə keçən lazımsız söz və ifadələrdən qorunmağın və gənc nəslə öz dilimizin zənginliklərini sevdirməyin vacibliyindən danışıb.