Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

PEDAQOJİ TƏCRÜBƏNİN BAŞLANĞIC KONFRANSI KEÇİRİLİB

27.09.2019

Naxçıvan Dövlət Universitetində 2019-2020-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov pedaqoji təcrübənin yüksək ixtisaslı, mənəvi-əxlaqi dəyər və keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərməsindəki rolundan danışıb. Pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin  pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyindən ətraflı söhbət açılıb. Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı  arzulayıb.

Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov Azərbaycanda, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bugün də ölkə prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi təhsil strategiyasından danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində ötən müddət ərzində 200-dən çox ümumtəhsil müəssisəsi üçün yeni bina tikilib və ya əsaslı surətdə yenidən qurulub, maddi-texniki baza möhkəmləndirilib, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri təhsil müəssisələrinə tətbiq olunub, ümumtəhsil məktəbləri dərslik, bədii ədəbiyyatlarla təmin olunub, bir sözlə müasir şərait yaradılıb. Vurğulanıb ki, Ali Məclis Sədrinin imzaladığı müvafiq Sərəncamlar əsasında keçirilən interaktiv, nümunəvi dərslər, ali və orta-ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ümumtəhsil məktəblərində yüksək bilikli, savadlı gənclərin yetişdirilməsinə şərait yaratmaqla yanaşı, ali təhsil müəssisələrimizdə yüksək ixtisaslı kadr hazırlığının aparılmasına geniş imkanlar açmaqdadır.  Nazir qeyd edib ki, müvafiq Sərəncam əsasında diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükünün 1,5, vəzifə maaşlarının iki dəfə artırılması və eyni zamanda bu ilin sentyabr ayından müəllimlərin aylıq vəzifə maaşlarının orta hesabla 20 % artırılması müəllimlərin əməyinin qiymətləndirilməsinə yönələn addımlardandır. Diqqətə çatdırılıb ki, müstəqillik illərində 300-dən çox müəllimin Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülməsi, “Tərəqi” medalı ilə təltif olunması müəllim əməyinə verilən yüksək qiymətin təzahürdür. Müəllimlərin müsabiqə yolu ilə işə qəbulundan danışan nazir ötən il keçirilən 1000-dən çox tələbənin iştirak etdiyi 3 müsabiqədə   215 nəfər tələbənin ümumtəhsil məktəblərində işlə təmin olunduğu haqda məlumat verib. Nazir tələbələrə yaradılan müasir imkanlardan hərtərəfli şəkildə istifadə etməyi, məktəblərdə əsl pedaqoq kimi formalaşan müəllimlərin iş təcrübəsindən layiqincə faydalanmağı tövsiyyə edib.

     Pedaqoji təcrübənin təşkilinə aid müasir tələblər və qarşıda duran vəzifələr barədə çıxış edən Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov bildirib ki, universitetin əyani şöbəsində 16 şəhər, 2 kənd məktəbi olmaqla, 16 ixtisas üzrə cəmi 410 tələbə artıq pedaqoji təcrübədə olacaqlar. Prorektor IV kursların yeddi həftə ərzində pedaqoji təcrübə keçəcəkləri, kredit təhsil sistemi ilə əlaqədar tətbiq olunacaq yeniliklər, sənədləşmə işləri – təcrübə jurnallarının, məktəb rəhbərlərinin və təcübəçilərin iş planlarının, icmal və gündəliklərin, hesabatların hazırlanması haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, pedaqoji təcrübənin yekununda baloniya sisteminə uyğun olaraq 100 ballıq sistem üzrə qiymətləndirilmə aparılacaq.

Pedaqogika və və psixologiya kafedrasının müdiri Sevinc Orucova “Təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər  haqqında” məlumat verib.