Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN MUXTAR RESPUBLİKASI GƏNCLƏR FONDUNUN ƏMƏKDAŞLARI NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN I KURS TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞÜB

30.09.2019

 Tədbirdə çıxış edən Fondun Gənclər təşkilatları və Gənclərlə iş şöbəsinin baş mütəxəssisi Arzu Qasımov vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasında, ictimai fəallığın artırılmasında, onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsində fondun perpektivli fəaliyyətindən danışıb. Bugünkü görüşün məqsədinin universitetə yeni qəbul olunan tələbələri fond haqda məlumatlandırmaq, tələbələrlə, gənclər təşkilatlarının rəhbərləri ilə görüşmək, onların problemləri ilə maraqlanmaq, gələcək planlarla bağlı qarşılıqlı fikir mübadiləsi aparmaqdan ibarət olduğu bildirilib. Fondun konsepsiyası, vəzifələri, proritetləri, müraciət oluna biləcək layihə və proqramlar haqda məlumat verilib. Könüllülük fəaliyyətindən söhbət açan fond əməkdaşı könüllülüyün cəmiyyəti müsbət istiqamətdə dəyişdirməyə, irəli aparmağa, həmçinin insanlar arasındakı əlaqələrin təkmilləşməsinə, dəyərlərin meydana gəlməsinə imkan yaradan fəaliyyət olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, muxtar respublikada ilk dəfə Gənclər Fondu tərəfindən reallaşdırılan bu fəaliyyət nəticəsində artıq sosial, ekologiya, səyyari dövlət xidməti, nəqliyyat, turizm könüllülərinin sayı artmaqdadır. Fonda təqdim edilən layihələrin gənc nəslin ictimai fəallığında artan rolundan, innovativ ideyaların yaradıcı təşəbbüslərin formalaşmasında göstərdiyi xidmətlərdən ətraflı söhbət  açılıb.

Sonra fondun Gənclər təşkilatı və Gənclərlə iş şöbəsinin mütəxəssisi Xanım İbrahimova Gənclər Mərkəzində fəaliyyət göstərən xarici dil kurslarından danışıb. Kursların müasir informasiya-kommunikasiya texnologiyaları və xarici dillərin tədrisi üçün lazım olan avadanlıqlarla təchiz edilmiş linqafon kabinələrdə həyata keçirildiyi bildirilib. Dil kurslarının həftədə 3 dəfə olmaqla saat yarım müddətdə keçirildiyi və 5 ay ərzində olduğu haqda məlumat verilib. Qeyd edilib ki, kursun sonunda yazı və şifahi nitq vərdişləri, bütün proqramı əhatə edən elektron imtahan olmaqla iki mərhələdən ibarət imtahan təşkil edilir. Keçirilən imtahanlarda müvəffəqiyyət göstərən gənclərə isə sertifikatlar təqdim olunur.

Universitetin Həmkarlar İttifaqı komitəsinin sədri, riyaziyyat üzrə fəlsəfə doktoru,  dosent Elşən Məmmədov keçirilən tədbirin tələbələrin maariflənməsində əhəmiyyətli rol oynadığından danışaraq öz minnətdarlığını ifadə edib.