Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

AZƏRBAYCANIN İRAN İSLAM RESPUBLİKASINDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ BÜNYAD HÜSEYNOV NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB

04.10.2019

Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov, Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov, Tehran səfirliyinin müşaviri Cavid Musayev Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində qonaqları salamlayan ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 1967-ci ildə yaradılan və 50 illik inkişaf yolu keçən  Naxçıvan Dövlət Universiteti  bu gün müasir təhsil infrastrukturuna görə bir çox xarici ölkə universitetləri ilə müqayisə olunur. Bildirilib ki, 108 hektar sahədə yerləşən universitetdə 16 tədris korpusu, Elektron Kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq Təbabəti Klinikası, Tələbə evi və Universitet Media Mərkəzi yaradılıb. Universitetdə elektron idarəetmə və tədris sistemi istifadəyə verilib, kadr hazırlığına diqqət artırılıb. Görüş zamanı rektor universitetin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı islahatlar və yeniliklər, beynəlxalq aləmdə ali təhsil ocağının oynadığı roldan danışıb.

Sonra Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov universitetdə mövcud olan elmi və texniki potensialı yüksək qiymətləndirib. Yaradılan hərtərəfli şəraiti yüksək dəyərləndirən səfir tələbələrə diplomatiyaya dair mühazirə deyib. Bu peşə üzrə təhsil alan gələcəyin diplomatlarına öz məsləhət və tövsiyyələrini çatdıraraq diplomatiyanın vasitələri, məhələləri, diplomatik qaydalardan danışıb. Yaxşı natiqlik qabiliyyəti, kütləni inandırmağı bir diplomat üçün əsas qiymətləndirən səfir diplomat üçün lazım olan etik davranışları haqda ətraflı məlumat verib.