Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN PROFESSOR-MÜƏLLİM HEYƏTİ NAXÇIVAN ŞƏHƏRİNDƏKİ HEYDƏR ƏLİYEV SARAYINDA SƏRGİ-SATIŞLA TANIŞ OLUBLAR

08.10.2019

Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına uyğun olaraq, muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə təşkil olunan sərgi satışla tanış olublar. Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgidə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, sərgi-satışda istedadlı, məhdud fiziki imkanlıların, evdar qadınların, muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin dərnək rəhbərləri və üzvlərinin, məktəb və məktəbəqədər müəssisələrin, orta ixtisas və ali təhsil müəssisələrinin, rayon və şəhər mədəniyyət şöbələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların və rəssamların, qadın məhkumların əl işləri sərgilənir.

Qeyd olunub ki, sərgidə nümayiş olunan birbirindən maraqlı, rəngarəng əl işləri qadınların bədii təxəyyülünün məhsuludur. Doğma Naxçıvanımızın qədim memarlıq abidələri istedadlı qadınların rəsm və əl işlərində məharətlə əks olunub. Toplanılan əl işləri arasında milli geyim nümunələri, yağlı boya ilə çəkilən təbiət mənzərələri, quramalar, toxuma xalçalar, vitraj, rəsm işləri, dekorativ və muncuqla, həmçinin ağac üzərində yanma üsulu ilə hazırlanan əsərlər, suvenirlər və digər maraqlı əl işləri sərgilənir.

Ramilə Seyidova deyib ki, bu günədək 8 belə sərgi-satış keçirilib. 9-cu tədbiri digərlərindən fərqləndirən əsas məqam, həm burada öz əlinin zəhməti ilə iştirak edən məhdud fiziki imkanlıların və istedadlı qadınların sayının, təqdim etdikləri əl işləri və rəsmlərin sayının, həm də sərgi-satışa ictimai marağın daha da artmasıdır. Belə ki, bu il sərgidə 35 sağlamlıq imkanı məhdud şəxsin və 2 ahıl rəssamın 283 işi, 268 istedadlı qadının 3643 əl işi sərgilənir. Bu günədək sərgi-satışla 2000-ə yaxın insan tanış olub. Naxçıvanın qədim memarlıq abidələri və Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı əl işləri sərgi iştirakçıları tərəfindən rəğbətlə qarşılanır. Vurğulanıb ki, oktyabrın 5-dək sərgi-satışda 260 istedadlı şəxsin 17 min 310 manat dəyərində 1300 əl işi satılıb.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov belə tədbirlərin əhəmiyyətini qeyd edərək bildirib ki, muxtar respublikada məhdud fiziki imkanlılar və istedadlı qadınlar hərtərəfli qayğı ilə əhatə olunub, onların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Prorektor gələcəkdə məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin satış mərkəzinin yaradılmasının əhəmiyyətini qeyd edib.

Seymur Talıbov və universitetin kollektivi çox sayda hədiyyəlik əl işləri alıblar.