Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

AKADEMİK İSA HƏBİBBƏYLİNİN 70 İLLİK YUBİLEYİ ALİ TƏHSİL OCAĞINDA QEYD OLUNUB

22.10.2019

Naxçıvan Dövlət Universitetində “İsa Həbibbəyli və Naxçıvan Dövlət Universiteti” adlı tədbir keçirilib. Tədbiri universitetin rektoru. AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq akademik İsa Həbibəyli haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, müxtəlif mövzulara həsr olunan 12 monoqrafiyanın, 2 mindən çox elmi məqalənin, çoxsaylı tədqiqatların müəllifi, eləcə də bir sıra kitabların redaktoru, elmi məsləhətçisi olan alimin əsərləri ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, Türkiyə və başqa ölkələrdə nəşr etdirilib.  Bildirilib ki, alimin fəaliyyətinin bir hissəsi Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. Bu təhsil ocağının ölkəmizdə və dünyada tanıdılmasında onun misilsiz xidmətləri var. 20 ilə yaxın universitetin rektoru işləyən İsa Həbibəyli istedadlı tələbələrə hər zaman mənəvi dəstək olub, universitetin bugünkü yüksək səviyyəyə çatdırılmasında yorulmadan əmək sərf edib. Rektor akademiki 70 illik yubileyi münasibətilə təbrik edib, uğurlar arzulayıb, universitetin kollektivi adından gül buketi hədiyyə edib.

Universitetinin  Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev, Sosial İdarəetmə və Hüquq  fakültəsinin dekanı Qərib Allahverdiyev, Xarici dillər və Beynəlxalq Əlaqələr fakültəsinin dekanı Yusif  Hüseynov və digər çıxış edənlər akademik İsa Həbibəylinin ictimai-siyasi fəaliyyətindən və elmi nəaliyyətlərindən danışıblar. Bildirilib ki, ölkəmizin ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan torpağının yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri də alim və ictimai xadim İsa Həbibbəylidir. Onun dövlətçiliyimizin möhkəmləndirilməsində, azərbaycançılıq ideologiyasının təbliğində, elm və təhsilin inkişafında xidmətləri misilsizdir.

Sonra çıxış edən Milli Məclisin elm və təhsil komitəsinin sədri, AMEA-nın Nizami Gəncəvi adına ədəbiyyat institutunun direktoru, əməkdar elm xadimi, akademik  İsa Həbibbəyli birinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğu üçün ölkə başçısına və Muxtar Respublikada 70 illik yubileyi münasibəti ilə  keçirilən tədbirlərə görə  Naxçıvan Muxtrar Respublikası Ali Məclisinin sədrinə minnətdarlığını bildirib. Akademik “Molla Nəsrəddin jurnalı” kitabını universitetə hədiyyə edib.