Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

QARDAŞ ÖLKƏNİN UNİVERSİTET FUTBOL KOMANDASI İLƏ YOLDAŞLIQ GÖRÜŞÜ KEÇİRİLİB

22.10.2019

Naxçıvan Dövlət Universiteti ilə Qars Qafqaz Universitetinin futbol komandası arasında yoldaşlıq  matçı keçirilib.  Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə keçirilən matç Türkiyənin Qars Qafqaz Universitetində baş tutub. Hər iki ölkənin Dövlət Himnlərinin səsləndirilməsindən sonra yarışa start verilib.  Azərbaycanın Qars şəhərindəki Baş konsulu  Nuru Quliyev, Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı,  Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov universitetin müəllim, tələbə kollektivi ilə birgə Abamüslüm Güvən adına stadionunda baş tutan yarışı izləyib. Gərgin mübarizə şəraitində keçən yoldaşlıq görüşü ev sahibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra Azərbaycanın Qars şəhərindəki Baş konsulu  Nuru Quliyev başda olmaqla ümummilli liderimizin Qars şəhərində əzəmətlə ucalan büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Universitetin qonaq evində təşkil edilən süfrə arxasında hər iki ölkənin nümayəndələri bir-birlərinə hədiyyələr təqdim edib. Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsindən və il boyu bu münasibətlə keçirilən tədbirlərdən danışıb.  Prorektor hər iki ölkə arasındakı qardaşlıq münasibətlərinə toxunub.

Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı vurğulayıb ki, Naxçıvanın Türkiyə üçün hər zaman önəmli bir yeri olub. Naxçıvanın böyük tarixi olduğunu dilə - gətirən rektor qeyd edib ki, Türkiyənin ulu öndəri Mustafa Kamal Atatürk Naxçıvanı türk dünyasının qapısı adlandırıb. Rektor yaradılmasının 95 illik yubileyi münasibətilə bütün naxçıvanlıları təbrik edib.