Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

“AKADEMİK İSA HƏBİBBƏYLİ-70” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

23.10.2019

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin  akt zalında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib. Fakültənin sərgi salonunda  görkəmli alimin elmi-ictimai fəaliyyətini əks etdirən “Akademik İsa Həbibbəyli-70” adlı sərgiyə baxış olub. Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun keçirilən bugünkü konfrans Ali Məclisin Sədri cənab Vasif Talıbovun görkəmli akademikin timsalında elmə, ziyalılığa, elm adamlarına verdiyi yüksək dəyərin ifadəsidir. Son illər muxtar respublikamızda elmin inkişafı ilə bağlı imzalanan sərəncamlar, alim nüfuzunun yüksəldilməsinə xidmət edən tədbirlər, atılan tarixi addımlar Naxçıvanın gələcək inkişafına hesablanan dövlət elm siyasətinə ən bariz nümunədir. Vurğulanıb ki, akademik İsa Həbibbəyli ilk növbədə bütün ömrünü Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğinə həsr edən ictimai xadimdir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycançılıq ideologiyasını hər zaman uca tutan, milli-mənəvi dəyərlərimizə sadiq olan İsa Həbibbəyli xalqı və dövlətini ürəkdən sevən, sözü, əməli işi və sədaqəti bir-birini tamamlayan şəxsiyyətdir.

Bildirilib ki, ömür kitabının 70-ci səhifəsini səhifələyən görkəmli akademik bu kitabın ilk səhifəsinə öz adını ilk növbədə qayğıkeş müəllim, fədakar alim, əsl ziyalı kimi yazdırıb, onu sevənlərin və tələbələrinin xatirəsində əbədi taxt qura bilib. Çoxcəhətli elmi fəaliyyət sferasında ölkədə gedən ictimai-mədəni və elmi-ədəbi proseslərdə fəal iştirak edən akademik İsa Həbibbəyli sözün əsl mənasında tədqiqatçılıq, ziyalılıq və vətəndaşlıq borcunu ardıcıl olaraq yorulmadan həyata keçirir.

Qeyd edilib ki, ədəbiyyatşünas alimin fəaliyyətinin 20 ilə yaxın bir dövrünü onun Naxçıvan Dövlət Universitetinə rektorluq illəri əhatə edir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun böyük dəstəyi ilə rektorluq fəaliyyəti dövründə bu ali məktəbin həyatında köklü müsbət dəyişikliklər baş verib, təhsil quruculuğu, elmi fəaliyyət, beynəlxalq əlaqələr genişlənib, ali təhsil və kadr hazırlığı dövlətçilik konsepsiyası, milli düşüncə, Azərbaycançılıq məfkurəsi  əsasında inkişaf edib.

Diqqətə çatdırılıb ki, görkəmli alimin vətən qarşısındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Akademik İsa Həbibbəyli 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub, “Əməkdar elm xadimi” adına, “Şərəf” ordeninə layiq görülüb. 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib, eyni ildə Amerika Tədqiqatlar İnstitutunun “İlin adamı-2001” mükafatını qazanıb. 2019-cu ilin 15 oktyabr tarixində görkəmi alimimiz dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Akademik İsa Həbibbəylinin elmi fəaliyyəti”,  Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun “Naxçıvan Dövlət Universiteti və akademik İsa Həbibbəyli”, “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyevin “Akademik İsa Həbibbəylinin pedaqoji fəaliyyəti”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayevin “Naxçıvanda ali təhsilin inkişafında akademik İsa Həbibbəylinin rolu”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor Hüseyn Həşimlinin “İsa Həbibbəyli və Naxçıvan ədəbi mühiti” mövzularında çıxışları dinlənilib. Çıxış edənlər görkəmli elm və ictimai xadimi təbrik edib, akademikin elm, təhsil istiqamətlərindəki çoxşaxəli fəaliyyətindən söhbət açıblar. Akademik İsa Həbibbəyliyə 70 illik elmi-pedaqoji fəaliyyətinə görə AMEA Naxçıvan Bölməsinin fəxri fərmanı və təbrik məktubu təqdim olunub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Naxçıvanda 70 illik yubileyinin geniş şəkildə qeyd edildiyi üçün Ali Məclisin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev ideallarını sədaqətlə yaşadan, dövlət başçısınınn müdrik siyasətini uğurla həyata keçirən  Ali Məclis Sədrinin formalaşdırdığı Naxçıvan dövlətçilik modeli əqidə bütövlüyü, məsuliyyət, əməli işlə bağlı mühüm prinsipləri özündə nümayiş etdirir. Naxçıvanda böyük ziyalı nəsli formalaşdığını vurğulayan akademik 70 illik yubileyinin bu qədim diyarda yüksək səviyyədə qeyd olunmasını bütün elm adamlarına verilən yüksək qiymət kimi dəyərləndirib.

Sonra akademik İsa Həbibbəylinin elmi-pedaqoji və ictimai fəaliyyəti ilə bağlı sənədli film nümayiş olunub.