Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

“AZƏRBAYCAN – MÜSTƏQİL DÖVLƏTİM MƏNİM” ADLI YARADICILIQ MÜSABİQƏSİNƏ YEKUN VURULUB

24.10.2019

Naxçıvan Dövlət Universitetində  “Azərbaycan – müstəqil dövlətim mənim” adlı foto-video, əl işləri  müsabiqəsinə yekun vurulub. Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov tariximizin müstəqillik səhifəsinə nəzər salıb. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi tələbələri milli vətənpərvərlik, adət-ənənələrimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək etmək, həmçinin ayrı-ayrı sahələr üzrə istedadlı gənclərin üzə çıxarılaraq onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.

YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə elmlər doktoru Xəzər Hüseynov “Müstəqilliyə gedən yol” adlı çıxışında vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin əsasları, bu yolda atılan mühüm qərarlar məhz muxtar respublikada öz tarixi həllini tapıb. Müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində ümummilli liderin xidmətlərini tarixi ardıcıllıqla sadalayan natiq diqqətə çatdırıb ki, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi şərəfli və məsuliyyətli bir missiyanı uğurla həyata keçirərək hələ sağlığında xalqın qəlbində əbədiləşən ümummilli liderin siyasi xətti bu gün də ölkəmizdə dönmədən davam etdirilir.

Qeyd edək ki, tələbələr tərəfindən çəkilən və Azərbaycanın dövlət müstəqilliyini əks etdirən foto-video, əl işləri hər bir tələbə tərəfindən hərəsindən bir nümunə olmaqla təqdim edilib.  Müsabiqəyə universitetin instaqram səhifəsində yerləşdirilmək üçün ümumilikdə, 40-a yaxın əl işi, video buraxılıb. Qaliblər 20 gün müddətində ən çox bəyənmə alan hər nominasiya üzrə 10 yaradıcı iş arasından seçilib.

Əl işlərinin qiymətləndirilməsi zamanı tələbələrin şəxsi yaradıcılıq qabiliyyətləri, ideya, mövzu axtarışları əsas götürülüb. İqtisadiyyat ixtisası üzrə IV kurs tələbəsi Aytac Həsənli müsabiqənin qalibi olub. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə III kurs tələbəsi İnci Qasımova II, Dünya iqtisadiyyatı ixtisası üzrə I kurs tələbəsi Nigar Nəsirli III yerə çıxıb. Bu nominasiya üzrə həvəsləndirici yeri  Əczaçılıq ixtisası üzrə I kurs tələbələri Azad Memitanlı, Enes Kılıç tutublar.

Münsiflərin rəyinə əsasən video nominasiyası üzrə Xalq çalğı alətləri ixtisası üzrə III kurs tələbəsi Əsmər İbrahimbəyli qalib seçilib. İqtisadiyyat ixtisası üzrə III kurs tələbəsi Hüseyn Qurbanov II,  Biologiyanın tədrisi metodikası və metodologiyası  ixtisası üzrə I kurs magistrant Fatimə Babayeva III yerə layiq görülüb.

Prorektor sonda tələbə-gəncləri təbrik edib, bundan sonrakı müsabiqələrdə daha fəal olmağa çağırıb.
Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.