Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

GÖRKƏMLİ BƏSTƏKAR TOFİQ BAKIXANOV NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB

26.10.2019

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovla görüş keçirilib. İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova qonağı salamlayaraq qeyd edib ki, Abbasqulu ağa Bakıxanov nəslinin layiqli davamçısı olan 1930-cu ildə Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açmış Tofiq Bakıxanovun yaradıcılığı çoxşaxəli və məhsuldardır. Böyük sənətkar bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib, bir sözlə, musiqinin bütün janrlarında yazıb-yaradıb.

Naxçıvan Muxtar Respublikası Bəstəkarlıq təşkilatının sədri, Musiqinin tarixi və nəzəriyyəsi  kafedrasının baş müəllimi, Yaşar Xəlilov vurğulayıb ki, Azərbaycan musiqi xəzinəsini zənginləşdirən sənətkarın əsərləri bu gün dünyanın 50-dən çox ölkəsində səslənir. 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olan Tofiq Bakıxanov musiqi sahəsindəki əməyinə görə yüksək mükafatlara layiq görülüb.

Tofiq Bakıxanov yaradıcılığında Naxçıvan mövzusunun olmasının əsas səbəbi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bəstəkarın yaradıcılığına verdiyi dəyərlə bağlı olduğunu diqqətə çatdırıb. Bəstəkar tələbələrin suallarını cavablandırıb. Azərbaycanın musiqi tarixində özünəməxsusu yer tutan görkəmli bəstəkarlala bağlı xatirələrini bölüşüb.