Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ “ÖZGÜVƏNİN HƏYATIMIZDA ROLU” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

08.11.2019


Naxçıvan Dövlət Universitetində tələbələrə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar keçirilib. Əvvəlcə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin baş məsləhətçisi İlahə Haqverdiyeva, “Optimal” Qrup MMC-nin direktoru Murad Rüstəmov, Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Zümrüd Səfərova təlimin mahiyyəti haqqında məlumat verərək bildiriblər ki, bu gün gənclərinin ictimai fəallığının artırılması, onların təhsil, beynəlxalq və sosial proqramlarda iştirakının stimullaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vurğulanıb ki, gənclər də keçirilən tədbirlərdə hər zaman öz fəallıqları ilə seçilirlər. Diqqətə çatdırılıb ki, bu cür təlimlərin məqsədi gənclərdə özünəinam hissinin formalaşdırılması və zəngin dünyagörüşünə, dünyəvi biliklərə malik güclü şəxsiyyət kimi yetişdirilməsidir.

Sonra “Optimal” Qrup MMC-nin psixoloqu Əsmər Rzayeva slaydlar vasitəsilə çıxış edərək bildirib ki, özünə inam hissi insanın özünə güvənməsi, sevməsi, bütün gözəlliklərə layiq olduğuna inanması, öz mənliyinə olan hörmətin, özünə qarşı məmnuniyyətin ifadəsidir. Qeyd edilib ki, özünə inam hissi sonradan yaranan bir proses deyil və bu hiss insanla birgə doğulur və formalaşır. Yaşadığı mühitin və cəmiyyət insanda özünəinam hissinin formalaşmasında mühüm rol oynayır. “Özgüvən nədir?”, “Özgüvəni neçə artırmalı?”, “Özünə inam hissini yenidən neçə qazana bilərik?” mövzularında tələbələrlə birgə aparılan müzakirələr tədbiri daha maraqlı edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.