Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ÇİN XALQ RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRİ XANIM QUO MİN NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB

25.11.2019

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Quo Min Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən görüşdə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayıb, universitetdə görməkdən məmnunluğunu bildirib.

İlk öncə Çinin tarixini, mədəniyyətini, incəsənətini özündə əks etdirən videoçarx nümayiş olunub. Sonra səfir Azərbaycan- Çin əlaqələrinə dair mühazirə deyib. Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənib, əlaqələrimiz uğurla inkişaf edib. Son 20 ildə Çin Xalq Respublikası ilə Azərbaycan arasında da siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri də yüksək səviyyədə formalaşıb. Səfir  Çin şirkəti olan “Huawei” şirkəti ilə də qarşılıqlı əlaqələrə toxunub. Şirkətin fəaliyyətinin hələ yenicə yarandığı dövrlərdə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun etimadını qazandıqları üçün minnətdar olduğunu ifadə edib. Diplomat tələbələrin suallarını cavablandırıb. Təhsil sahəsində gələcək perspektivlər dəyərləndirilib.