Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA “AZƏRBAYCAN RESPUBLİKASININ İCTİMAİ-SİYASİ, SOSİAL-İQTİSADİ VƏ MƏDƏNİ İNKİŞAFINDA QADINLARIN ROLU (1970-2015-Cİ İLLƏR)” ADLI KİTABIN TƏQDİMATI KEÇİRİLİB

25.11.2019

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında universitetin “Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasovanın “Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər)” adlı kitabının təqdimat mərasimi keçirilib. Təqdimatı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kitabın elmi-ictimai əhəmiyyətini qeyd edərək Azərbaycanın gender tarixinə, “tarixi feminologiya”, qadın hərəkatına dair yazılmış mükəmməl bir dərs vəsaiti olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gender sahəsində dövlətimizin siyasi kursu qadınların sosial həyatın bütün sahələrinə fəal surətdə, kişilərlə bərabər cəlb olunmasını nəzərdə tutur. Muxtar respublikada da bu sahədə atılan addımlar məhz bu istiqamətdə görülən işləri ictimai mühitin diqqətinə çatdırmağa imkan verən müəlliflərin yetişməsinə gətirib çıxarır.

Tarix üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova qeyd edib ki, dərs vəsaiti ilk növbədə müstəqillik dövrü Azərbaycan tarixşünaslığı üçün son dərəcə aktuallığı ilə səciyyələnən və xüsusi əhəmiyyət kəsb edən bir problemin elmi əsaslarla sistemli və kompleks şəkildə tədqiqinə həsr olunması baxımından maraq doğurur. Bildirilib ki, kitabda Heydər Əliyevin birinci dəfə Azərbaycanda ali hakimiyyətə gəlişindən müasir dövrədək ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və siyasi həyatında baş verən mütərəqqi dəyişikliklər ümumi şəkildə dəyərləndirilib, Ulu öndərin qadın siyasəti əsaslandırılmış faktlarla oxuculara çatdırılıb.

Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov vurğulayıb ki, giriş, 4 fəsil və nəticədən ibarət olan kitabda müəllifin ümummilli liderin siyasətinə, azərbaycançılıq təliminə nə qədər bağlı olduğunu açıq-aydın görmək olar. Artıq Azərbaycan tarixşünaslığının Naxçıvan məktəbinin mövcudluğundan danışan İman Cəfərov qeyd edib ki, kitabın elmi əhəmiyyəti nəzərə alınaraq xarici dilə tərcümə olunması da gələcək fəaliyyət istiqaməti kimi müəyyənləşməlidir.
 
Sonda müəllif öz ürək sözlərini bildirib, universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.