Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA “İQTİSADİ İNKİŞAFIN NAXÇIVAN MODELİ VƏ MÜHASİBAT UÇOTUNUN REGİONAL SİSTEMLƏRİ” ADLI RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB

26.11.2019

Naxçıvan Dövlət Universitetində “İqtisadi inkişafın Naxçıvan modeli və mühasibat uçotunun regional sistemləri” adlı respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi davamlı sosial-iqtisadi inkişaf strategiyasına sadiq qalmaqla, həyata keçirilən tədbirlər muxtar respublikada uzaq gələcək üzrə perspektivlərin artırılmasına güclü zəminlər yaradıb. Müasir dövrdə isə ölkə başçısının qətiyyətli rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bütün regionlar kimi muxtar respublikada da makroiqtisadi göstəricilərin artım dinamikasını təmin edib.

“Heydər Əliyevin iqtisadi inkişafın Naxçıvan modeli və mühasibat uçotunun beynəlxalq standartlara keçməsinin zəruriliyi və şərtləri” adlı çıxışında Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru Teymur Abbasov bildirib ki, Heydər Əliyevin Naxçıvan iqtisadi inkişaf modelinin mühüm tərkib hissələrindən biri azad iqtisadi zona yaradılması problemidir. Muxtar respublikanın iqtisadi inkişaf strategiyasının minimum və maksimum kimi iki əsas hissədən ibarət olduğu diqqətə çatdırılıb. Müəssisələrdə uçot siyasətinin qurulması, bu sahədə mövcud beynəlxalq qaydaların və standartların tətbiqi, mühasibat uçotu sahəsində baş vermiş yeniliklər barədə ətraflı məlumat verilib.

İqtisad fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov “Naxçıvan Muxtar Respublikasında ərzaq bazarının təkmilləşdirilməsinin əsas istiqamətləri”  adlı çıxışında vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 1 sentyabr 2014-cü il tarixdə imzalanan Fərmanla təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi də elə məhz real sektorun inkişafı, sürətli inkişaf istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir.

Konfrans Mühasibat uçotu, maliyyə və iqtisadi təhlil, Ümumi iqtisadiyyat, Sahə iqtisadiyyatı və xarici ticarət adlı bölmə iclasları ilə davam edib.