Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

UNESCO-NUN «NOVAYA ERA» DÜNYA RƏSSAMLIQ AKADEMİYASININ AKADEMİKİ FƏXRİ ADININ ÜLVİYYƏ HƏMZƏYEVAYA TƏQDİMATI MƏRASİMİ

04.06.2013



Naxçıvan Dövlət Universitetinin Tələbə Sosial Xidmət Mərkəzində Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi Ülviyyə Həmzəyevanın fərdi sərgisi və UNESCO-nun «Novaya era» Dünya Rəssamlıq Akademiyasının  akademiki fəxri adına layiq görülməsi ilə əlaqədar mərasim keçirildi.  

Tədbirdə Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev, Azərbaycan Respublikasının Xalq rəssamı,  Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət kafedrasının müdiri Hüseynqulu Əliyev çıxışlarında, Dünya Rəssamlıq Akademiyasının prezidenti, Çuvaşiyanın (Rusiya Federasiyası) əməkdar rəssamı  Anatoli Silovu Naxçıvan Dövlət Universitetində salamlayaraq bu hadisənin xalqlarımız arasında mədəniyyət sahəsində yaxınlaşması  üçün daha bir addım olduğunu qeyd etdilər.

 “Naxçıvan şəhəri mənim çox xoşuma gəldi, buranın insanları çox mehribandılar. Ülviyyə Həmzəyevanın isə Azərbaycan və dünya rəssamlığına böyük tövhələr qazandıracağına inanıram” deyən  Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Silov Naxçıvana ilk dəfə səfər etdiyini bildirdi və Naxçıvan Dövlət Universiteti ilə bağlı yüksək təəsüratlarını mərasim iştirakçıları ilə bölüşdü.

Fəxri üzvlük vəsiqəsinin təntənəli təqdimat mərasimindən sonra, çıxış edən UNESCO-nun «Novaya era» Dünya Rəssamlıq Akademiyasının  həqiqi üzvü  Ülviyyə Həmzəyeva Azərbaycanda sənətə və sənətkara böyük diqqət göstərildiyi üçün Prezident İlham Əliyevə, bu missiyanı Naxçıvan Muxtar Respublikasında  layiqincə davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibova öz təşəkkürünü bildirdi. Ülviyyə Həmzəyeva bu adı doğruldaraq, akademiya ilə sıx əlaqələr yaradacağına, Azərbaycanı layiqli təmsil edəcəyini vurğuladı.

Məlumat üçün qeyd edək ki, Akademiyanın hazırda müxtəlif ölkələrdən 24-dən artıq üzvü var. UNESCO-nun himayəsi altında yaradılmış bu mötəbər beynəlxalq humanitar rəssamlıq birliyində Azərbaycan öz fəxri nümayəndəsi olan ölkələrdən biridir.

Yüksək səviyyədə təşkil olunmuş təqdimat mərasimindən sonra fərdi sərgiyə baxış keçirildi. Sərgidə “Avesta”, “Xarı bülbül” “İçimdəki qaranlığın göy gözləri”, “Təlxək”, “Şahmar” kimi əsərlər nümayiş etdirilirdi.