Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ÜMUMMİLLİ LİDERƏ HƏSR OLUNMUŞ KONSERT

10.06.2013


Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə bəstəkar Kamal Əhmədovun fortepiano və vokal-instrumental əsərlərindən ibarət konsert proqramı təqdim oldu. Naxçıvan Bəstəkarlar Təşkilatı ilə birgə hazırlanan konserti giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, universitetin İncəsənət fakültəsinin müəllimi  Şəmsəddin Qasımov açaraq ümummilli liderin 90 illik yubileyi münasibətilə muxtar respublikada keçirilən çoxsaylı mədəniyyət tədbirləri, Kamal Əhmədovun bəstəkarlıq fəaliyyəti haqqında məlumat verdi. Bildirildi ki, bugünkü konsert həm də Naxçıvan bəstəkarlıq məktəbində öz dəst-xətti olan Kamal Əhmədovun 65 illik yubiley hesabatı kimi də əhəmiyyət daşıyır.        
        
Universitetin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov çıxış edərək ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi, 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunması ilə bağlı universitetdə keçirilən silsilə tədbirlərdən, bu istiqamətdə qarşıda duran vəzifələrdən, milli musiqinin insanların əxlaqi-mənəvi tərbiyəsindəki mühüm rolundan danışdı.                   

             
Universitetin Musiqişünaslıq və metodika kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayeva  Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, universitetin Bəstəkarlıq kafedrasının müdiri Kamal Əhmədovun həyat və yaradıcılığı haqqında məruzə etdi. Qeyd olundu ki, 1976-cı ildə indiki Bakı Musiqi Akademiyasının Xalq Çalğı Alətləri şöbəsinə daxil olan Kamal Əhmədovda bəstəkarlıq sənətinə olan istedad və maraq 3 il sonra onu yenidən bu ali məktəbə - Bəstəkarlıq şöbəsinə daxil olmağa sövq edir. Məhsuldar yaradıcılığa malik olan bəstəkar fortepiano üçün “Prelüd və fuqalar”, “Variasiyalar”, tar üçün “Sonata”, simli alətlər üçün “Kvartet” , “Cavid” simfonik poeması, orkestr üçün müxtəlif səpgili əsərlər, lirik mahnılar və müxtəlif tamaşalara musiqilər yazmışdır.     
                            
Sonra konsert proqramı təqdim olundu. Konsertin solisti, tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Teymur Şəmsiyevin ifa etdiyi “Prelüdər”, “Skerço”, “Mövzu üzrə variasiyalar” kimi əsərlər alqışlarla qarşılandı. Naxçıvan Dövlət Universitetinin Bəstəkarlıq ixtisası üzrə III kurs tələbəsi, respublika müsabiqə laureatı Ülvi Əhmədovun  ifa etdiyi “Aşıqsayağı” əsəri də maraqla qarşılandı. Konsertdə Nəfəs alətləri ixtisası üzrə İV kurs Tələbəsi Səməd Əsgərov klarnetdə pianoçu Xalibər Namazovanın müşaiyətilə çaldığı, klarnet və fortepiano üçün yazılmış “Ballada”, tələbələrin ifasında skripka, klarnet və fortepiano üçün “Trio” uğurla ifa olundu. İncəsənət fakültəsinin müəllimləri, pianoçular  Xalubər Namazova və Fəridə Ağayevanın da bəstəkarın repertuarından səsləndirdikləri əsərlər də sənətsevərlərin zövqünü oxşadı. İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Mübariz Əsgərovun oxuduğu “Vətəndir” mahnı-romansı, Afət Əliyevanın oxuduğu Nakam eşqim” mahnısı tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Konsert Teymur Şəmsiyev və Ülvi Əhmədovun fortepianoda birgə ifa etdikləri fortepiano və simfonik orkestr üçün yazılmış 3 hissəli “Konsert”lə yekunlaşdı.          

                             
Sonda bəstəkar Kamal Əhmədov universitet rəhbərliyinə və konsertin digər təşkilatçılarına minnətdarlığını bildirdi.