Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

RUSİYA UNİVERSİTETLƏRİ İLƏ YENİ TƏRƏFDAŞLIĞA DOĞRU

30.09.2013

 

Rusiya Federasiyasının Komi Respublikasının Uxta Dövlət Texniki Universitetinin rektoru, professor Nikolay Tsxadaya və Başqırdıstan Respubikasının Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, professor Ayrat Şammazov Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuşlar. Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov qonaqları salamlayaraq 1967-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Universitetinin Azərbaycanın dünyada tanınmış və  dünyaya inteqrasiya olunan müasir tipli ali təhsil ocağı olması haqqında məlumat vermişdir.  Qeyd olunmuşdur ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. 108 hektarlıq universitet ərazisində də hər cür imkanlara malik müasir tipli tədris korpusları qurulmuş, tədrisin müasir dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Universitet dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malikdir. Hazırda  universitetdə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır.     Universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə, elmi işlər üzrə prorektor, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev, beynəlxalq əlaqələr üzrə prorektor, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov, tərbiyə işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev universitetdə distant təhsilə keçid, elektron universitet layihəsinin reallaşdırılması, beynəlxalq səviyyəli elmi konfrans və simpoziumların təşkili, beynəlxalq əlaqələr və tələbə mobilliyinin, incəsənət və idmanın inkişafı istiqamətində görülən işlər barədə qonaqlara məlumat vermişlər.    
           
Uxta Dövlət Texniki Universitetinin rektoru, professor Nikolay Tsxadaya, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, professor Ayrat Şammazov Azərbaycanda, o cümlədən Naxçıvanda misligörünməmiş sosial-iqtisadi tərəqqi, elm və təhsil sahəsində heyrətamiz dinamik inkişafla qarşılaşdıqlarından məmnunluqla danışmışlar. Hər iki rektor Avropa və Asiyada ilk neft-qaz tədris müəssisəsi olan Azərbaycan Dövlət Neft Akademiyasının elmi yetirmələri olduqlarını, Rusiyanın şimal bölgəsində yüksək ixtisaslı azərbaycanlı mütəxəssislərin də uğurla fəaliyyət göstərdiklərini vurğulamışlar.   
   
Professor Ayrat Şammazov məlumat vermişdir ki, 1948-ci ilə M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunun filialı kimi yaradılan Ufa Dövlət Neft Texniki Universiteti Rusiyanın bu sahə üzrə ən iri ali təhsil müəssisədir. Rektor, burada təhsilin bakalavr, magistratura, doktorantura pillələri üzrə mütəxəssis hazırlığından danışaraq 200-ə yaxın elmlər doktoru və professorun fəaliyyət göstərdiyi bu ali məktəbdə  17 minə yaxın tələbənin, o cümlədən 36 ölkənin vətəndaşlarının ali təhsil aldıqlarıını bildirmişdir.                    
Uxta Dövlət Texniki Universitetinin rektoru, professor Nikolay Tsxadaya qeyd etmişdir ki, rəhbərlik etdiyi ali təhsil ocağında 7 fakültə, iki institut, 1texniki kollec və 2 filial fəaliyyət göstərir.  8 mindən artıq tələbənin təhsil aldığı bu ali məktəbdə 50 professor, 53 elmlər doktoru, bütövlükdə 1500-ə yaxın əməkdaş fəaliyyət göstərir. Qonaqlar hər iki ali məktəbin Azərbaycan Dövlət Neft Akademiyası və Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinə malik olduğunu xatırladaraq Naxçıvan Dövlət Universiteti ilə də tərəfdaşlığa maraqlı olduqlarını bildirmişlər. Görüşdə iqtisadiyyat, sənaye, mühəndislik və memarlıq, idman sahəsində     əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.        
   
Qonaqlar universitetin maddi-texniki bazası, tədris prosesi ilə yaxından tanış olmuş,  Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində, Tələbə evi və qonaq evində, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki tədris və elmi-tədqiqat yönlü laboratoriyalarda, universitetin yeni nəsil texnologiyalarla təchiz olunmuş elektron kitabxanasında olmuşlar.
                                    
Sonda Naxçıvan Dövlət Universiteti ilə hər iki universitet arasında elmi tədqiqat və tədris sahələrində əlaqələrin inkişafına  dair əməkdaşlıq müqavilələri imzalanmışdır.