Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARININ RUSİYAYA SƏFƏRİ

11.04.2014

 

Naxçıvan Dövlət Universitetinin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov və Kimya kafedrasının müdiri, kimya elmləri doktoru Tofiq Əliyev  Rusiya Federasiyasının Komi Respublikasına səfərləri çərçivəsində Uxta Dövlət Texniki Universitetində də olmuşlar. Uxta Dövlət Texniki Universitetinin rektoru, professor Nikolay Tsxadaya qonaqları salamlayaraq, rəhbərlik etdiyi ali təhsil ocağında 7 fakültə, iki institut, 1texniki kollec və 2 filialın fəaliyyət göstərdiyini vurğulayıb.  8 mindən artıq tələbənin təhsil aldığı bu ali məktəbdə 50 professor və elmlər doktoru, bütövlükdə 1500-ə yaxın əməkdaş fəaliyyət göstərdiyini qeyd edib.

 

Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov, 1967-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Universitetinin Azərbaycanın dünyada tanınmış və  dünyaya inteqrasiya olunan müasir tipli ali təhsil ocağı olması haqqında məlumat verib.  Qeyd olunub ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. 108 hektarlıq universitet ərazisində hər cür imkanlara malik müasir tipli tədris korpusları qurulub, tədrisin müasir dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Universitet dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malikdir. Hazırda  universitetdə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. Universitetdə distant təhsilə keçid, elektron universitet layihəsinin reallaşdırılması, beynəlxalq səviyyəli elmi konfrans və simpoziumların təşkili, beynəlxalq əlaqələr və tələbə mobilliyinin, incəsənət və idmanın inkişafı istiqamətində görülən işlər barədə də məlumat verilib.                                                     

 

Uxta Dövlət Texniki Universitetinin rektoru, professor Nikolay Tsxadaya, Azərbaycanda, o cümlədən Naxçıvan MR-da səfər etdiyi zaman burada,  misligörünməmiş sosial-iqtisadi tərəqqi, elm və təhsil sahəsində heyrətamiz dinamik inkişafla qarşılaşdığından məmnunluqla danışıb. Rektor Avropa və Asiyada ilk neft-qaz tədris müəssisəsi olan Azərbaycan Dövlət Neft Akademiyasının elmi yetirməsi olduğunu, Rusiyanın şimal bölgəsində yüksək ixtisaslı azərbaycanlı mütəxəssislərin də uğurla fəaliyyət göstərdiklərini vurğulayıb.

 

Qeyd edək ki, 30 sentyabr 2013-cü ildə Uxta Dövlət Texniki Universitetinin rektoru, professor Nikolay Tsxadaya Naxçıvan Dövlət Universitetində səfərdə olarkən, hər iki universitet arasında elmi tədqiqat və tədris sahələrində əlaqələrin inkişafına  dair imzalanmış əməkdaşlıq müqaviləyə əsasən Naxçıvan Dövlət Universitetinin 2 nəfər tələbəsi, Uxta Dövlət Texniki Universitetində təhsillərini davam etdirirlər. Görüş zamanı həmin müqaviləyə yeni müddəalar da əlavə olunaraq, informasiya- kommunikasiya texnologiyası, iqtisadiyyat, sənaye, mühəndislik və memarlıq, idman sahəsində əməkdaşlıq, tələbə mübadiləsi məsələləri də müzakirə olunub.

 

Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov və  Kimya kafedrasının müdiri, kimya elmləri doktoru Tofiq Əliyev Uxta Dövlət Texniki Universitetinin maddi-texniki bazası, tədris prosesi ilə yaxından tanış olublar.