Sayt xəritəsi

XƏBƏRLƏR

ÜMUMMİLLİ LİDERİN ANADAN OLMASININ 91 VƏ NMR-İN YARADILMASININ 90 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR

12.05.2014

 

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin təsviri incəsənət və tarix müəllimliyi ixtisaslarının IV kurs tələbələri pedaqoji təcrübədə olduqları Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 91 və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr  olunmuş tədbir keçiriblər.

 

Əvvəlcə məktəbin foyesində təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

 

Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin direktoru Aynur Mustafayeva tədbirdə çıxış edərək vurğulayıb ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. O, qeyd edib ki, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Aynur Mustafayeva  tələbələrin pedaqoji təcrübənin gedişi zamanı göstərdikləri fəallıqdan, hər bir tələbənin gələcəyin yüksək intellektli müəllimi, mütəxəssisi kimi  formalaşmasındakı  rolundan danışaraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə ümummilli lider Heydər Əliyevin siyasi kursunun bugünkü layiqli davamından, ölkədə aparılan təhsil və gənclər siyasətinin uğurundan danışıb. Vurğulanıb ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Natiq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunması ilə bağlı 14 yanvar 2014-cü il tarixli sərəncamından  irəli gələn vəzifələrdən, 2014-cü ilin Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunması ilə bağlı nəzərdə tutulan tədbirlər planından da bəhs edib.

 

Bədii hissədə isə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən Azərbaycan xalqının  ümumilli lideri Heydər Əliyevə həsr olunmuş mahnılar oxunub, şeirlər qiraət olunub.

 

Qeyd edək ki, tədbirin gedişi zamanı orta məktəb şagirdlərinin rəsm müsabiqəsi keçirilib. Qalib gələn şagirdlərə xatirə hədiyyələri təqdim olunub.