Sayt xəritəsi

XƏBƏRLƏR

HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK TƏLİMİ VƏ NAXÇIVANIN MUXTARİYYƏTİ

12.05.2014

 

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik təlimi və Naxçıvanın Muxtariyyəti” mövzusunda elmi konfrans keçirilib.

 

Konfransda çıxış edən rektor, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov ümummilli lider, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsi və təbliği istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, Naxçıvandakı sosial-iqtisadi tərəqqi, elm, təhsil və səhiyyənin inkişafı, əhalinin rifah halının yüksəlməsi  bir daha təsdiqləyir ki, Heydər Əliyev ideyaları ölkə başçısı və muxtar respublika rəhbəri tərəfindən uğurla davam etdirilir.

 

Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Yusif Hüseynovun “Azərbaycan dövlətçiliyinin Heydər Əliyev yolu”, Şərq dilləri və ədəbiyyatı kafedrasının kabinə müdiri, doktorant Xəfayət Əliyevanın “Heydər Əliyev və Naxçıvanın Muxtariyyəti”, Beynəlxalq münasibətlər ixtisası üzrə I kurs tələbəsi Rəhim Nəcəfovun “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının Konstitusiyası” mövzularındakı məruzələrində vurğulanıb ki, ümummilli liderin yaratdığı möhkəm təməl üzərində ölkəmizdə bu gün demokratik prinsiplər sürətlə bərqərar olur, dövlətçilik ənənələrimiz möhkəmlənir, bunların sayəsində Azərbaycan daha da güclənir.