Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN “MERİDİAN” VOKAL QRUPU “UNİVİZİYA” MÜSABİQƏSİNİN QALİBİ OLUB

12.05.2014

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Tələbə Gənlər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Univiziya” Tələbələrin III Mahnı Müsabiqəsi keçirilib. İlkin dinləmələrin nəticəsində 50 ali və orta ixtisas təhsil müəssisəsindən  22-si yarımfinala vəsiqə qazanmışdı ki, Naxçıvan Dövlət Universiteti də bu müsabiqədə iştirak etmək hüququ almışdı. Qeyd edək ki, bu müsabiqədə universiteti xarici tələbələrdən ibarət “Meridian” vokal qrupu təmsil edib və uğurlu ifalarına görə qrup tamaşaçı nominasiyasının qalibi olaraq 2000 manat dəyərində pul mükafatına layiq görülüb.

 

Bu münasibətlə Naxçıvan Dövlət Universitetində təqdimetmə mərasimi keçirilib. Universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov son illərdə Azərbaycan incəsənətinin, xalq musiqisinin təbliğinə göstərilən dövlət qayğısından danışıb. Rektor vurğulayıb ki, dünya musiqi xəzinəsində Azərbaycan musiqisinin öz yeri var və ölkəmizdə mədəniyyət sahəsində görülən işlər buna əyani sübutdur. “Ölkədə keçirilən festivallar, musiqi yarışları Azərbaycan mədəniyyətinin inkişafı və təbliği baxımından çox mühümdür”-deyən rektor, “Univiziya” Tələbələrin III Mahnı Müsabiqəsində Naxçıvan Dövlət Universitetinin tələbələrinə uğurlu çıxışlarına görə təşəkkürünü bildirib. Rektor, müsabiqədə universiteti təmsil edən “Meridian” vokal qrupuna tamaşaçı rəğbəti nominasiyasında qalib gəldiyinə görə, yuxarıda adları çəkilən təşkilatların diplomunu və pul mükafatını təqdim edərək, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. Çıxışının sonunda rektor  Saleh Məhərrəmov vokal qrupun bədii rəhbəri, Validə Vəli qızı Hüseynovanı Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülməsi münasibətilə də təbrik edib.

 

Vokal qrupun bədii rəhbəri, NDU-nun İncəsənət fakültəsinin Orkestr alətləri və dirijorluq kafedrasının müdiri, Prezident mükafatçısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Validə Hüseynova göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirərək,  müsabiqənin ali təhsil ocaqlarında ifaçılıq sənətini inkişaf  etdirmək baxımından əhəmiyyətli olduğunu vurğulayıb.