Sayt xəritəsi

XƏBƏRLƏR

TARİX YARADAN ŞƏXSİYYƏTLƏR SALNAMƏSİ

19.05.2014

 

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında NDU Gənclər Təşkilatının sədri, Ümumi tarix kafedrasının müəllimi Arzu Abdullayevin  “Tarix Yaradan Şəxsiyyətlər Salnaməsi” adlı kitabının təqdimetmə mərasimi keçirilib.

 

Tədbiri rektor, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov açaraq vurğulayıb ki, universitet əməkdaşı Arzu Abdullayevin əməyinin bəhrəsi olan yeni nəşri bu sahədə tədqiqat aparan araşdırıcılar, universitet tələbələri və müəllimlər üçün layiqli töhfədir. Rektor, nəşr olunmuş kitabın əsas elmi məziyyətlərindən, müxtəlif yerli və xarici elmi mənbələrə istinadən yazıldığını qeyd edib.

 

Tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov yeni nəşr barədə ətraflı məruzəsində qeyd edib ki, 13 mart 2013-cü il Naxçıvan Dövlət Universiteti Elmi

 

Şurasının qərarı ilə “Elm və Təhsil” nəşriyyat poliqrafiya müəssisəsində çap olunan “Tarix Yaradan Şəxsiyyətlər Salnaməsi” adlı kitabda müəllif tarixin müəyyən dövrlərində müxtəlif tarixi proseslərə təsir etmək imkanına malik olan bir qrup şəxsiyyətin çoxcəhətli fəaliyyətini işıqlandırmış, Şərq–Qərb tarixi məkanlarını təmsil edən diplomatların, sərkərdələrin, dövlət başçılarının düşüncələrini və fəaliyyətlərini izah edərkən onları fərqli milli əks qütblər kimi yox, qlobal təfəkkür kontekstində bir qədər duyğulu, müəyyən qədər də tarixi fəlsəfi baxış prizmasından təqdim etmişdir.

 

Universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev, Jurnalistika ixtisası üzrə III kurs tələbəsi Fərid Axundov çıxışların qeyd ediblər ki, müəllifin yazı manerası özünəməxsus, dili aydın və səmimi, məntiqi fikirləri çox təsirlidir. O, təsvir etdiyi tarixi şəxsiyyətlərə oxucuda rəğbət,heyranlıq, təəccüb və həyəcan oyandıra bilir. Bildirilib ki, bu kitab Arzu Abdullayevin ilk yaradıcılıq uğurudur və inanırıq ki, o bu istiqamətdə araşdırmalarını davam etdirəcək.

 

Sonda müəllif tədbirin təşkilatçılarına, yeni kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirib. Arzu Abdullayev “Tarix Yaradan Şəxsiyyətlər Salnaməsi” adlı kitabın seriyal xarakter daşıdığını qeyd edərək, ikinci cildinin də tez bir zamanda işıq üzü görəcəyini bildirib.