Sayt xəritəsi

XƏBƏRLƏR

NDU-DA “MƏN NAXÇIVANI TANIYIRAM” BİLİK OLİMPİADASININ BAĞLANIŞ MƏRASİMİ KEÇİRİLİB

19.05.2014

 

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Mən Naxçıvanı tanıyıram” intelektual bilik olimpiadasının bağlanış mərasimi keçirilib.


Mərasimdə universitetin rektoru, professor Saleh Məhərrəmov ölkədə aparılan gənclər siyasətinin uğurlarından bəhs edərək, gənclərə göstərilən hərtərəfli dövlət qayğısından danışıb. Rektor NDU-nun Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən “Mən Naxçıvanı tanıyıram” bilik olimpiadasının tələbə gənclərin intellektual potensialının üzə çıxarılması, Naxçıvan haqqında biliklərinin daha da artırılması, vətənpərvərlik ruhunda yetişməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

 

Mərasimdə çıxış edən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əməkdaşı Nurlan Fətəliyev bu cür tədbirlərin keçirilməsinin gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların intellektual səviyyələrinin artırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

 

Universitetin Tələbə Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş olimpiadanın keçirilməsi muxtar respublikanın təbliği və tanıdılması, gənclərin bu sahədəki biliklərinin yoxlanılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

 

Tədbirin sonunda final mərhələsinə keçmiş tələbələrə sertifikatlar, ən yaxşı nəticə göstərmiş 10 iştirakçıya isə diplom və qiymətli hədiyyələr təqdim olunub.