Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ SABAH QRUPLARI İLƏ BAĞLI TƏQDİMAT

20.05.2014

 

Ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində növbəti tədris ilindən başlayaraq Savadlı, Bacarıqlı və Hazırlıqlı (SABAH) tələbələrdən ibarət qruplar yaradılacaq.

 

Digər ali təhsil müəssisələrində olduğu kimi, Naxçıvan Dövlət Universitetində də Sabah qrupları ilə bağlı təqdimat keçirilib. Universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov ölkəmizdə təhsilə göstərilən yüksək qayğıdan danışaraq, “Sabah” qruplarının yaradılmasının əhəmiyyətini açıqlayıb. Yeni qrupların yaradılmasınn təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblərə uyğun kadrların sayının artırılması istiqamətində əhəmiyyətli addım olacağını bildirib. Rektor çıxışında, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş universitetlərdə “Sabah” qruplarının savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil ediləcəyini, Sabah qruplarının öz ixtisası üzrə peşəkar mütəxəssis kimi yetişmək istəyən tələbələrə geniş imkanlar açdığını qeyd edib. Vurğulanıb ki, sürətlə qloballaşan dünyada müasir baxışlar, yüksək təhsil, bir neçə dil biliyi tələbənin gələcəkdə iş tapmaq, uğurlu karyera qurmaq şansını əhəmiyyətli dərəcədə artırır.

 

Qeyd olunub ki, bu qrupların yaradılmasında məqsəd azərbaycanlı tələbələrin xarici ali məktəblərdəki tələbələrlə əməkdaşlığı, tədris proqramların təkmilləşdirilməsidir. Sabah qrupuna tələbələr ötən semestrdə qiymətlərinin orta göstəricisi 61-dən aşağı olmayan I kurs tələbələri arasından seçiləcək. Sabah-a qəbul olmaq istəyən tələbə bunun üçün 3 mərhələdən keçməlidir –www.sabah.edu.az saytında elektron qeydiyyata düşmək, 25 xarici dil, 25 məntiq olmaqla 50 sualdan ibarət “Sabah” imtahanı vermək və sonda müsahibədən keçmək. Bu mərhələləri daha yüksək nəticə ilə keçənlər Sabah qrupunun tələbələri olacaq və ikinci kursdan etibarən ixtisaslarına uyğun baza ali təhsil müəssisəsində təhsillərini davam etdirəcəklər. Sabah qrupları seçilmiş ixtisasın ən yaxşı tələbələrinin və bu ixtisası ən keyfiyyətli tədris edən müəllimlərin görüşdüyü məkan olacaq. Sabah qrupunun məzunu öz ixtisasını ana dili ilə yanaşı, ingilis dilində də mükəmməl biləcək. Qrupun fərqlənən tələbələri xarici ölkələrə təcrübəyə göndəriləcək.

 

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.