Sayt xəritəsi

XƏBƏRLƏR

“BAYTARLIQ TƏBABƏTİ VƏ ƏRZAQ TƏHLÜKƏSİZLİYİ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” BEYNƏLXALQ KONFRANS

22.05.2014

 

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.

 

Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov konfransı açaraq, tədbir iştirakçılarını səmimi salamlayıb, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlərdən, kənd təsərrüfatı mülkiyyətçilərinə göstərilən güzəştli yardımların miqyasının artmasından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Rektor, müvafiq sahədə yerli ixtisaslı kadr potensialının hazırlanmasında Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti, muxtar respublikadakı istehsal müəssisələri ilə əməkdaşlığın inkişafının mühüm əhəmiyyətə malik olduğunu bildirib. Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyinin problemləri və perspektivlərindən danışan rektor Saleh Məhərrəmovun “Parazitofaunanın formalaşmasına təsir edən amillər” mövzusunda məruzəsi dinlənilib.

 

Beynəlxalq konfransda çıxış edən, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisi, muxtar respublikada aparılan aqrar islahatlar barədə ətraflı məlumat verib. Nazir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2014-cü il 27 fevral tarixli Fərmanından irəli gələn məsələlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirəsində qarşıya qoyulmuş regionun kənd təsərrüfatının inkişafının mövcud vəziyyəti və qarşıda duran vəzifələrdən danışıb.


Qars Qafqaz Universitetinin “Cərrahiyyə” kafedrasının professoru İsa Özaydın,  Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun direktoru Səhman Bayramov,   Naxçıvan Elmi – Tədqiqat Baytarlıq Mərkəzinin direktoru Qadir Fərhadov çıxışlarında baytarlığın inkişafının prioritet istiqamətləri, dövlətin iqtisadi strategiyası, ekoloji təhlükəsizlik, əhalinin ərzaq təminatı və qida sağlamlığı, yerli sahibkarlığın və məhsuldarlığın inkişafının əhəmiyyətindən danışılıb, kadr çatışmazlığının aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilib.

 

Qeyd edək ki, konfransın gedişi zamanı, Naxçıvan Dövlət Universitetinin son bir il ərzində beynəlxalq əlaqələrinin  inkişafından bəhs edən slaydlar nümayiş etdirilib.

 

Konfrans öz işini “Baytar həkimlərinin ərzaq təhlükəsizliyində rolu”, “Naxçıvan Muxtar Respublikasında və ətraf zonalarda heyvanlarda yayılan əsas təhlükəli xəstəliklər və onlara qarşı mübarizə tədbirləri” mövzularına həsr olunmuş bölmə iclaslarında davam etdirib.

 

Qeyd edək ki, konfrans iki gün davam edəcək.