Sayt xəritəsi

XƏBƏRLƏR

QAFQAZ UNİVERSİTETLƏR BİRLİYİNİN NÖVBƏTİ KONQRESİ

02.06.2014

Bu günlərdə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Qafqaz Universitetlər Birliyinin IV konqresi keçirilmişdir.   "Qafqazın gələcəyində enerjinin rolu: region ölkələri həmrəyliyi" mövzusunda keçirilən konqres Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başqanlı , Xəzər Strateji İnstitutu, Ankara Siyasi və İqtisadi Araşdırmalar Mərkəzi, Türkiyə İş Bankı, Ərdahan Universiteti tərəfindən reallaşdırılmışdır. Konqresdə Türkiyənin  energetika və təbii sərvətlər naziri Taner Yıldız, bölgə ölkələrinin energetika nazirləri, Türkiyə Cümhuriyyəti Prezident Aparatının baş katibi,  professor Mustafa İsen, Azərbaycan Prezidentinin müşaviri, professor  Kamal Abdulla, Qafqaz Universitetlər Birliyinin sədri, Ərdahan Universitetinin rektoru, professor Ramazan Qorxmaz və digərləri iştirak etmişdir.

 

Türkiyə universitetlərinin, İran İslam Respublikasının Təbriz Universitetinin, Gürcüstanın Axalsx Universitetinin rektorlarlarının da iştirak etdiyi konqresdə Azərbaycanı Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov təmsil etmişdir. Rektor konqresdə çıxış edərək iki qardaş ölkə arasında sarsılmaz dostluq əlaqələrinin inkişafında elm, təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən, Naxçıvan Dövlət Universitetinin Türkiyənin əksər universitetləri ilə çoxillik səmərəli tərəfdaşlığından danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Dövlət Universiteti 2013-cü ilin may ayından etibarən Türkiyə Respublikasındakı universitetlərlə digər ölkələrdəki universitetlər arasında tələbə və müəllim mübadiləsini nəzərdə tutan Mövlanə Mübadilə Proqramında da uğurla təmsil olunur. Rektor vurğulamışdır  ki, 2009-cu ildə yaradılan, Naxçıvan Dövlət Universiteti də daxil olmaqla 60 universiteti özündə birləşdirən  Qafqaz Universitetlər Birliyi Qafqazda yaşayan, ortaq coğrafiyanı və mədəniyyətləri paylaşan  Azərbaycan-türk-gürcü xalqlarının elmi-intellektual inkişafında, tələbə gənclər arasında elmi-mədəni tərəfdaşlığın möhkəmlənməsində, təcrübə mübadiləsinin genişləndirilməsində böyük rol oynayır.  Naxçıvan Dövlət Universiteti  muxtar respublika rəhbərinin  tövsiyə və qayğısı ilə Türkiyənin ali məktəbləri ilə əlaqələrini  bundan sonra daha da genişləndirməyə çalışacaq.

 

67 universitet rektorunun iştirak etdiyi  konqresdə bölgənin və region universitetlərinin ictimai elmlər, tibb elmləri və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunmuşdur. 

 

Konqresdə 13 universitet Qafqaz Universitetlər Birliyinin tərkibinə daxil edilmişdir. Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Cümhuriyyətinin Kastomonu Universiteti, Cümhuriyyət Universiteti, Yakın Doğu Universiteti, Çankaya Universiteti, Ərzurum Texniki Universiteti və digər universitetləri arasında Mövlana Mübadilə Proqramı ilə bağlı  protokol imzalanmışdır.         

 

Konqresdə Türkiyənin  energetika və təbii sərvətlər naziri Taner Yıldız dünyada enerji böhranı, Türkiyənin enerji ehtiyatları, enerji sektoru kimi müttəfiqliyin əhəmiyyəti ilə bağlı məruzə etmişdir.  Sonra müvafiq dövlət nazirliklərinin nümayəndələrinin və rəsmilərin, o cümlədən universitet rektorlarının  iştirakı ilə  bölgədə enerji strategiyaları müzakirə olunmuşdur.                                                            

 

Rektor, professor Saleh Məhərrəmov Qafqaz Universitetlər Birliyinin “Ədəbiyyat 2014” mükafatlandırma mərasimində də iştirak etmişdir.     

 

Qafqaz Universitetlər Birliyinin növbəti konqresinin İran İslam Respublikasının Təbriz Universitetində keçirilməsi nəzərdə tutulur.