Sayt xəritəsi

XƏBƏRLƏR

GÜNƏŞİ QARŞILAYANLAR…

08.06.2014

Qloballaşma və texnologiya, sürətli tərəqqi əsri ilə ayaqlaşmağa çalışan Naxçıvan Dövlət Universitetində son iyirmi ildə dünyaya inteqrasiya, tədrisdə ən müasir texnologiyaların tətbiqi, distant təhsilə keçid, elektron universitet qurulması istiqamətində mühüm işlər görülmüşdür. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən, “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi də bu prioritetvəzifələrin həllinə xidmət edir. 2012-ci ildə tərəflər arasında layihə ilə bağlı müqavilə imzalandıqdan sonra KOICA-nın Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun-sukun başçılığı ilə koreyalı mütəxəssislərdən ibarət qrup müxtəlif vaxtlarda Naxçıvan Dövlət Universitetnə ezam olunmuşdur. Universitetin rekroru, professor Saleh Məhərrəmovun iştirakı ilə sistemin ilkin təqdimatı keçirilmiş, müzakirələr aparılmış, yerli mütəxəssislər məlumatlandırılmışdır. 2013-2015-ci illəri əhatə edəcək layihənin həyata keçirilməsinə KOİCA tərəfindən  3 500 000 ABŞ dolları  həcmində vəsait ayrılmışdır. Layihənin davamı olaraq universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surənin rəhbərliyi ilə bir qrup nümayəndə on beş gün müddətinə Cənubi Koreyanın paytaxtı Seul şəhərinə ezam olunmuş, layihə ilə bağlı təlim keçmişlər.           

 

Rəsmi qəbul zamanı KOİCA-nın Orta Şərq və Mərkəzi Asiya üzrə proqram meneceri Kim Na Young Cənubi Koreya və “KOİCA” ilə bağlı təqdimat xarakterli çıxışı bizi ətraflı məlumatlandırdı. Qeyd etmək yerinə düşər ki, KOICA-nın tərəfdaşlıq etdiyi ölkələrdə 43 nümayəndəliyi mövcuddur. Bu şirkət Azərbaycanda da qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirməkdədir. Azərbaycan Texniki Universitetində həyata keçiriən, informasiya texnologiyaları ilə bağlı layihə təhsil sahəsindəki uğurlu layihələrdəndir.                 

 

Seul Milli Universitetinin rektoru, professor Kim Seong-Kon ölkənin tarixi, mədəniyyəti, dövlət idarəçiliyi, sosial-iqtisadi inkişafı haqqında geniş məruzə etdi. Slaydlar  şəklində hazırlanmış bu məruzə nəinki bizim Koreya haqqında ilkin, hətta mən deyərdim ki, bəsit təsəvvürümüzü zənginləşdirdi, eyni zamanda səfər boyu tarixi-mədəniyyət abidələrinə ekskursiyalar, Seul, Busan və Kimçonq şəhərləri ilə, şəhərsalma mədəniyyəti, yerli əhalinin sosial-həyat tərzi ilə tanışlıq zamanı ən yaxşı bələdçimiz oldu...                                         

 

Şərqi-Asiyada, Koreya yarımadasının cənub hissəsində yerləşən Cənubi Koreya qərbdən Çin Xalq Respublikası, şərqdən Yaponiya, şimaldan Şimali Koreya, cənubdan Şərqi-Çin dənizi və Tayvan ilə həmsərhəddir. Əhalisi 50 milyondan çox olan ölkənin paytaxtının 10 milyon nəfərdən çox sakini var. Cənubi Koreya on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasında dayanan bu ölkə güclü iqtisadiyyatına görə dünyanın 20 ölkəsindən biri olmaqla Asiya dövlətləri arasında dördüncü yeri tutur.                                                                                                                   

Bugünkü sosial-iqtisadi inkişaf Koreyaya heç də asanlıqla başa gəlməmişdir. 1910-45-ci illərdə Yaponiyanın müstəmləkəsi olmuş  Koreyada ikinci dünya müharibəsinin ardınca, 1950-53-cü illərdə ağır vətəndaş müharibəsi baş vermişdir. Sovet və ABŞ-ın hərbi qüvvələrinin işğalından sonra ölkə Şimali Koreya və Cənubi Koreyaya bölünmüşdür. 1980-ci illərə kimi bir neçə hərbi diktatura hakimiyyətini sinaqdan keçirmiş Cənubi Koreya Respublikası hazırda müvəffəqiyyətlə liberal demokratiyanı inkişaf etdirməkdədir, 200-ə yaxın ölkə ilə diplomatik əlaqə saxlayır. Cənubi Koreyanın sənaye və iqtisadiyyatı 1990-cı ildən sonra daha da inkşaf etmişdir. Dünyada gəmiqayırma, polad emalı, avtomobil, eloktron və eloktrotexnika istehsalına görə əsas yerlərdən birini tutur. Dünyada ən sürətli internet Cənubi Koreyadadır.                                                                                                       

 

Təhsil, elm və texnologiya sahəsində əldə olunmuş tərəqqi ahənginin qorunub saxlanılması dövlətin inkişaf strategiyasının əsasını təşkil edir. Burada elm və texnologiyanın inkişafı vasitəsilə sənaye, elm və dövlət tədqiqat təşkilatları arasındakı əməkdaşlıq gücləndirilib, rəqabətin yüksəldilməsi üçün balanslaşdırılmış innovasiya sisteminin qurulub.       

 

Maraqlıdır ki, ötən əsrin ikinci yarısına qədər ölkədə sənayenin inkişafı üçün texnologiya və mütəxəssis baxımından xeyli çatışmazlıqlar hökm sürüb. Bütün bunların aradan qaldırılmasında və ölkənin sənaye ehtiyaclarının ödənilməsində 1966-cı ildə yaradılmış Koreya Elm və Texnologiya İnstitutunun və çoxsaylı digər ixtisaslaşmış tədqiqat institutlarının böyük rolu var. 1982-ci ildən fəaliyyət göstərən Koreya Milli Tədqiqat və İnkişaf Proqramı texnoloji qabiliyyət və rəqabətin gücləndirilməsinə xidmət etməklə iqtisadi inkişafa və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə əvəzsiz töhfələr verir.                        

Ümumiyyətlə, eyni coğrafi paraleldə yerləşən Cənubi Koreya ilə Azərbaycanın tale oxşarlıqları çoxdur. Müstəmləkə məşəqqəti, müstəqillik uğrunda mübarizə, müharibələrin törətdiyi faciə və dəhşətlər, ikiyə bölünmə, yüksək milli mədəniyyət və heysiyyət, texnologiyaya olan maraq, sülhsevərlik, hər iki dövlətin böyük sıçrayışlara səbəb olan müasir inkişaf strategiyası. Zənnimcə, Naxçıvan Muxtar Respublikası və Naxçıvan Dövlət Universiteti ilə bağlı təqdimat ılə biz də doğma Azərbaycanımız və onun əsas siyasi strateji zonası olan Naxçıvanın qədim tarixi və müasir inkişafı, universitetimizin strukturu və fəaliyyəti, beynəlxalq əlaqələri haqqında kifayət qədər təsəvvür yarada bildik.         

 

Növbəti günlərdə layihənin icraçı şirkəti “Donqvon CNS”-nin tanınmış mütəxəssisləri tərəfindən keçilən təlimlərə start verildi. Təlimlərdə sistemin fəalyyəti, əsas funksiyaları, bu sahədə Koreya Respublikasının qabaqcıl təcrübəsi əsasında informasiya sistemi ilə bağlı mühazirələr dinlədik. Təlimlərdə tələbələrə onlayn təhsil xidməti göstərilməsi üçün portal, distant təhsil, akademik işlər və s. ibarət elektron təhsil şəbəkəsinin yaradılması, yüksək keyfiyyətli təhsil, rəqəmsal multimedia infrastrukturunun təkmiləşdirilməsi üçün nəzərdə tutulan sistem haqqında, ali məktəbin idarəetmə sistemini təkmilləşdirəcək müasir texnologiyalar haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, təhsil informasiya sistemi Naxçıvan Dövlət Universitetinin cari iş prosesi və gələcək planlarına uyğun şəkildə yaradılacaq.Təlimlərdə təhsil idarəetmə sistemi, elektron təhsil, veb-portal, layihə komponentləri barədə müzakirələr apardıq, mütəxəssislər suallarımızı cavablandıraraq bəzi məsələlərə aydınlıq gətirdilər. Həmkarlarımın israrlı təkidi ilə daha mükəmməl və yeni nəsil texnologiya seçildi, alınacaq avadanlıqlar bir daha dəqiqləşdirildi. Koreyalı mütəxəxssislər Naxçıvan Dövlət Universitetinin timsalında Azərbaycanda nümunəvi informasiyalaşdırılmış universitet modelinin yaradılması üçün bilik və bacarıqlarını, zəngin təcrübələrini məmnuniyyətlə bölüşdülər. “Donqvon CNS” şirkətinin rəhbəri Mun-seo Park heyətimizin rəhbəri, tədris işləri üzrə prorektor, dosent Seyid Surəni qəbul edərək təlimlərin Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsinin qurulması, onlayn təhsilin təşkili baxımından faydalı olacağına əminlyini bildirdi, gələcək əməkdaşlıq məsələləri müzakirə olundu. Təlimin yekun tədbirində iştirakçılara sertifikatlar təqdim olundu. “Donqvon CNS” şirkətinin vitse-prezidenti Jae-ki Jang, Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə, İKT şöbəsinin müdiri Xaliq Babayev və bu sətirlərin müəllifi layihənin uğurla gerçəkləşməsi, əməkdaşlığımızın davamlı olması ilə bağlı arzularını, minnətdarlıq dolu xoş və səmimi duyğularını çatdırdı.                                                                 

 

Müxtəlif universitetlərə səfərlər, akademik heyətlə görüşlər  zamanı buradakı ali təhsil strukturu, tədris prosesi, pedaqoji heyət, tələbə kontingenti barədə zəngin məlumat aldıq.         

 

Cənubi Koreyada 400-dən artıq universitet və müxtəlif ali məktəb fəaliyyət göstərir. Ali təhsilin əsas məqsədi dərin nəzəri təhsil vermək, nəzəri biliklərin tətbiqini təmin etmək, kamil mütəxəssis yetişdirməkdən ibarətdir. Ölkədə ali təhsil müddəti 4-6 ildir. Hökumət universitetlərin müstəqilliyinin artırılması, dövlət təhsil sisteminin tənzimlənməsi, özəl tədris xərclərinin azaldılması məsələlərinə nəzarət edir, tələbələrin seçim proseduru ilə bağlı əsas minimum tələbləri müəyyənləşdirir. Universitetlər təlim nəticələrini, qabiliyyət imtahanlarında toplanmış balları, sertifikatları, tövsiyə məktublarını əsas götürərək tələbə qəbulu aparır. Tərşüməçimiz, Sogang Universitetinin Koreya linqivistikası ixtisası üzrə II kurs magistri Könül Mustafayeva və 200-dən çox azərbaycanlının Koreyada ali təhsil alması qəlbimizi milli qürur hissi ilə doldurdu.                                                                          

 

Naxçıvan Dövlət Universitetinin Cənubi Koreya ilə elm, təhsil sahəsində əlaqələri Asiya ilə əməkdaşlıq baxmından mühüm əhəmiyyət kəsb edir. bu əməkdaşlığın  on ildən artıq tarixçəsi bu gün Naxçıvan Dövlət Universitetindəkı Cəhubi Koreya dostluq parkındakı gülgarlıq qədər təravətli, rəngarəng və bəhrəli bir xoş mənzərə ilə göz oxşayır. Bu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ölkələrarası müstəvidə universitetlərin əlaqələrinin daha da genişlənməsinə göstərdiyi qayğının təzahürüdür. Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirliyi, universitetin o zamankı rektoru, akademik İsa Həbibbəyli isə bütün səylərini bu əlaqələrin inkişafına yönəltmişdir.                              

 

2010-cu ilin aprel ayında Kimçonq Universitetinin nümayəndə heyətinin Naxçıvan Dövlət Universitetinə səfəri zamanı universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanmışdır. 2011-ci ilin sentyabr ayında akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Cənubi Koreyanın Kimçonq və Kyumqsunq universitetlərində görüşlər keçirmişlər. Kimçonq Universiteti ilə əsaslı tanışlıqdan sonra bu ali təhsil ocağı ilə Naxçıvan Dövlət Universitetində mikrobiologiya, otelçilik və turizm ixtisası üzrə əməkdaşlıq imkanları sahəsində razılaşma əldə edilmiş, universitet əməkdaşlarının elmi əsərlərinin qarşılıqlı nəşr edilməsi qərara alınmışdır. Busan Kyumqsunq Universiteti ilə tanışlıq da universitetlər arasındakı əməkdaşlığın imkanlarının müəyyənləşməsində əhəmiyyətli olmuşdur. Naxçıvan Dövlət Universiteti ilə Kyumqsunq Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanmışdır. Kyumqsunq Universiteti ilə Naxçıvan Dövlət Universiteti daha çox iqtisadiyyat, tarix, qayaüstü rəsmlərin birgə tədqiqi və incəsənət sahələrində əməkdaşlığa üstünlük verilməsi qərara alınmışdır. Əməkdaşlığın davamı olaraq 2011-ci ilin noyabr ayında Kimçonq Universitetinin rektoru xanım Sunq Ae Kanq və bir qrup nümayəndə Naxçıvan Dövlət Universitetinə səfər etmişdir. Elə həmin il Naxçıvan Dövlət Universitetində Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzləri fəaliyyətə başlamışdır. Bu gün hər iki universitet arasında elmi təcrübə və tələbə mübadiləsi, elə bizim bu səfərimiz qarşılıqlı əlaqələr sahəsində aparılan səmərəli işin uğurlu davamıdır.  Kimçonq Universitetinin Beynəlxalq Təhsil Mərkəzinin direktoru, Hava yolları, otelçilik və turizm idarəçiliyi fakültəsinin professoru Hee Cun Lee heyətmizi universitetlə yaxından tanış etdi. Universitet 2007-ci ildə 1978-ci ildən fəaliyyət göstərən Kimçonq Biznes kollecinin əsasında yaradılmışdır. Ailə idarəçiliyi prinsipinə əsaslanan bu ali məktəbdə 20-dən artıq fakültə fəaliyyət göstərir. Universitetdə ingilis dili, tibb, beynəlxalq turizm və otelçilik, incəsənət sahəsi üzrə tədris yüksək səviyyədədir. «Dünyanı sevgi yolu ilə qazanaq!» ideyasını rəhbər tutan bu ali məktəbdə dünyanın dörd qitəsindən təhsil alanlar var. Naxçıvan Dövlət Universitetindən Tərcümə (ingilis dili- Azərbaycan dili), Hüquqşünaslıq Stomotologiya ixtisası üzrə 3 nəfər birinci kurs tələbəsi də 2012-2013-cü tədris ilinini ikinci semestrində tələbə mobilliyinə əsasən ali təhsillərini Koreyanın Kimçonq universitetində davam etdirmişdir.                                                                                    

 

Universitetdə xüsusi səliqə-səhman, ağ-appaq, gül-çiçəklə bəzədilmiş, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar göz oxşayır. Burada Hava yolları, otelçilik və turizm fakültəsində restoran xidmətinın əyani şəkildə öyrədilməsinin şahidi olduq. Hava yolları xidmətinin əynani şəkildə öyrədilməsi üçün nəzərdə tutulan, təyyarənin sərnişin salonunun maketi şəklində olan auditoriyaya daxil olduqda istər-istəməz qayıdarkən təyyarə ilə qət edəcəyimiz uzaq məsafənin çətinliyini xatırladıq, Vətən üçün nə qədər qəribsədiyimizi hiss etdik. Stamotoligiya və diş texnikliyi, ali təhsilli tibb bacıları hazırlanan fakültələrdə auditoriyalardakı müasir tibb avadanlıqları, mulyajlar, xüsusi stamotoloji kabinələr, laboratoriyalar, insanı heyran qoyur. Qida sənayesinin tədris olunduğu fakültədə şərabçılıq, meyvələrin çeşidlənib xüsusi soyuducu anbarda saxlanılması, şərab istehsalı prosesi,  burada hazırlanan, yüksək keyfiyyətli, müxtəlif çeşidli şərablarının nümayiş olunduğu sərgi ilə tanış olduq. Universitet  müxtəlif  istehsal sahələri ilə məşğul olmaqla təkcə tələbələrin təhsil haqqı hesabına deyil, ixrac etdiyi yüksək keyfiyyətli məhsulların satışı hesabına da maliyyələşir. Bu həm də müxtəlif ixtisaslarda təhsi alan tələbələrin istehsalatda çalışmaqla peşə tərübəsi qazanmalarına imkan verir.                                                                                                

 

Səfərimiz universitetdə təhsil alan xarici tələbələrlə görüşə təsadüf etdiyindən məmnuniyyətlə bu görüşdə iştirak edib rekrorun xarici tələbələrə böyük həssaslıqla, ana qayğısı ilə yanaşdığını müşahidə etdik. Heyətimizin rəhbəri, tədris işləri üzrə prorektor, dosent Seyid Surə görüşdə çıxış edərək  Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmovun salamlarını çatdırdı, ölkələrarası əlaqələrin inkişafında elm, təhsil sahəsində tərəfdaşlığın rolundan danışdı, Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlığında dost, tərəfdaş universitet olan Kimçonq universitetinin ayrıca yeri olduğunu bildirdi.                                                                                                                      

 

Rəsmi görüş zamanı tanıtım filmi vasitəsilə Kimçonq Universitetinə yaxından bələd olduq, digər fakültələrə də virtual səyaət etmək imkanı qazandıq. Rektor, xanım Sunq Ae Kanq Kimçonq Universiteti haqqında ətraflı məlumat verdikdən sonra tədris işləri üzrə prorektor, dosent Seyid Surə əməkdaşlığın gələcək inkişafının başlıca istiqamətlərindən, təcrübə mübadiləsi, tələbə mobilliyi sahəsində qarşıda duran vəzifələrdən danışdı. Görüşdə naxçıvanlı həkim-müəllimləimizin Kimçonq Universitetində təkmilləşdirmə kurslarında olması, Azərbaycan dili kurslarının açılması, Azərbaycan ədəbiyyatını, mədənyyətini təbliğ edəcək mərkəzin yaradılması ilə bağlı təkliflər səsləndirildi. Dilimiz, dinimiz ayrı olsa da, ideyalarımızın birləşdirdiyi həmkarlarımızdan səmimiyyətlə ayrıldıq.                                               Koreya Kiber Universitetində universitetin rektoru, professor Choong Soon Kim heyətimizi qəbul edərkən dünyada ilk kiber universitet  olan bu ali təhsil ocağının Koreya Chungang Təhsil Vəqfi ( KCEF ) altında Koreya Universiteti ilə birlikdə fəaliyyət göstərdyini, Koreya ali məktəbləri sırasında birinci onluğa daxil olduğunu bildirdi. Bir çox xarici universitetə əməkdaşlığa malik olan universitet Koreya tarixinin və mədəniyyətinin təblği məqsədilə rəsmi səfərlərin təşkili ilə məşğul olan Koreya fondu ilə əlaqəli fəalyyət göstərir, 2013-cü ildən etibarən Koreya dilinin pulsuz və sürətli onlayn tədrisini həyata keçirən "Korean Quick"  proqramını uğurla həyata keçirir. Tədris işləri üzrə prorektor, dosent Seyid Surə məlumat verdi ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elektron hökumət və elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Elektron təhsil şəbəkəsi, elektron kitabxana yaradılması, semestr imtahanlarının elektron test üsulu ilə aparılması, virtual əməkdaşlığın genişlənməsi, beynəlxalq videokonfransların təşkili buna əyani sübutdur. Koreya Kiber Universitetinin rektoru Naxçıvan Dövlət Universitetində Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzlərinin fəaliyyəti, “Koreyaşünaslıq” seçmə fənninin, Koreya dilinin tədrisi, 7 nəfər koreyalı tələbənin təhsil alması ilə bağlı məlumatları məmnunluq hissi ilə qarşılayaraq Koreya dilinin və mədəniyyətinin tədrisi üçün lazımi köməkliklər göstərməyə hazır olduqunu vurğuladı. Görüşdə universitetlərarası əməkdaşlığın inkişafı, gələcəkdə əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı təkliflər səsləndirildi.                                                    

 

Universitetin rəhbərliyi ilə keçirilən görüşdə universitetin tanıtım filminin nümayişindən sonra məlumat verildi ki, qəbul planı 2500 nəfər olan, 5 fakültədə 19 ixtisas üzrə bakalavr və magistratra təhsil pilləsi üzrə ali təhsil verən bu universitet “tələbəsiz universitet” və “işləyə-işləyə təhsil” modelinin ilk unikal nümunəsidir. Burada müxtəlif ixtisaslar üzrə ikinci ali təhsil də almaq mümkündür. 2001-ci ldən 970 tələbəilə fəaliyyətə başlayan universitetdə hazırda 39 ölkənin də vətəndaşları daxıl olmaqla 11 000 tələbə onlayn təhsil alır. Görüşdə onlayn təhsil, imtahan prosesi və qiymətləndirmə ilə bağlı suallar cavablanırıldı. Onlayn imtahanlarda şəffaflığın qoruması üçün identifikasıyanın, elektron imzanın tətbiq edilməsi ilə bağlı məlumat Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsinin nümunəvi qurulmasında bizim də yararlanacağımız məlumatlar idi.                          

 

Koreya Kiber Universitetində onlayn təhsil üçün kontentlərin hazırlandığı studiyalarla tanışlıq universitetimizin multimedia infrastrukturunun nümayəndələri üçün maraqlı oldu. Burada mühazirələr müasir texnologiyaların köməyi ilə ekranlaşdırılıb montaj edildikdən sonra video, slayd və mətn, hər üç üsuldan paralel istifadə etməklə müxtəlif növ kontentlər hazırlanır.                                                                                                                       

Səfər zamanı ökənin tarixi-memarlıq komplekslərini, görməli yerlərini də gəzməyə fürsət tapdıq. Min iki yüz illik tarixi olan, Cənubi Koreyanın ən məşhur buddist məbədi Bongeunsada epiqrafik yazılar, tarixi abidələr qorunub saxlalanılır.  Əvvəllər Gyeonseongsa məbədi adlanan bu məbəd 794-cu ildə inşa edilmişdir. 1498 -ci ildə hakimiyyətdə olan xanım Jeonghyeon Kral Seongjongun məzarının şərqində olan Gyeonseongsa məbədini yeniləyərək Bongeunsa adlandırmışdır. 1498 -ci ildə məbəd əsaslı təmir edilmişdir. Burada Kim Jeong- heenin də işləri daxil olmaqla 3,479 ədəd buddist yazı nümunələri qorunub saxlanılır. 1960-cı illərdən fəaliyyətə başlayan Dongguk Tərcümə Mərkəzi bu yazıların tədqiqi ilə məşğul olur. Yapon istilası və Koreya müharibəsi zamanı dağıntılara məruz qalan məbəd yenidən bərpa edilərək Koreya Buddizm Mərkəzinə, ölkənin əsas turizm məkanına çevrilib. Bongeunsada Maitreya Buddaya ucaldılmış 23 metr hündürluyundə abidəyə və müxtəlif dövrləri əks etdirən digər memarlıq nümunələrinə böyük maraqla tamaşa etdik.                                      

 

Seulun Şimalında yerləşən, Gyeongbokgung adlanan kral sarayı da tarixiliyi və milli arxitekturası ilə seçilir.  Gyeongbok “cənnət tərəfindən hifz edilən saray” deməkdir. Saray 1395-ci ildə tikilmiş, yandıqdan sonra tərk edilmiş, təxminən 3 əsr baxımsız qalmışdır. 1867-ci ildə isə yenidən bərpa edilmişdir. Bu saray Joseon sülaləsinin hakimiyyəti dövründə tikilmiş “Beş möhtəşəm saray”dan (Changdeokgung, Changgyeonggung, Deoksugung, Gyeongbokgung və Gyeonghuigung) ən genişi və önəmlisidir. Saray həyətində orta əsrlərdəki saray həyatını, idraetməni, saray ordusunu əks etdirən kütləvi səhnələrə maraqla tamaşa etdik.                                                                                                             

 

Seulun düz mərkəzində, ən yüksək nöqtəsində, Namsan dağında yerləşən, məşhur Seul qülləsi şəhərin simvoludur.  236, 7 m hündürlüyündə olan, kanat yolu ilə qalxdığımız qüllədən şəhər ovuc içi kimi, olduqca gözəl görünür. 2,5 milyon ABŞ dollarına başa gələn, tikintisi 1969-cu idən 1971-ci ilin sonlarına qədər çəkən bu qüllə 1980-ci ildə istifadəyə verilmişdir. Qüllənin təmir və bərpasına isə 15 milyard von (Koreya pulu) vəsait xərclənmişdir. 2005-ci ildən qüllənin adına əlavə edilən “N” hərfi “yeni”, “Namsan” və “təbiət” sözlərini ifadə edir.                                                                                             

 

Cənubi Koreyanın ən cənub bölgəsində yerləşən, Seuldan sonra ikinci böyük şəhəri olan Busandakı dəniz gəzintisi əyləncəli keçdi.  Busan həm də ölkənin ən böyük, dünyanın beşinci böyük liman şəhəridir. 2007-ci ilin sonlarında istifadəyə verilən, APEC (Asiya və Sakit okeanı hövzəsi ölkələri) Liderlər Yığıncağını əks etdirən APEC Memoriala, “Samsunq” şirkətinin satış-sərgi mərkəzinə və digər turistik ərazilərə ekskursiyamız da maraqlı oldu. Səfər masir texnologiyalar, elektron təhsil şəbəkəsi ilə bağlı bilik və təcrübəmizi artırdı, eyni zamanda özünəməxsus tarixə və mədəniyyətə, inkişaf yoluna malik bir ölkə haqqında bizdə zəgin təəssüratlar yaratdı.                                                                                          

 

Günəş kainatı ilk dəfə burada salamlayır. İnsanlar hər sabah Günəşi erkən qarşılmaqla onun zərrin şəfəqlərindən nur, ziya, enerji alırlar. Koreyanı, texnologiyanın dili ilə desək, “smartlar Vətəni” də adlandırmaq olar. Təbii sərvətə malik olmayan bu ölkənin yeganə və ən böyük varidatı, ağıl, idrak, təşəbbüskarlıq və zəhmətkeşlikdir. Bu, əsrlər boyu imperiyaların, müharibələrin, milyardların qazana bilmədiklərini qazandıran, yeganə tərəqqi və rifah  yolu olan, heç vaxt tükənməyən, dəyərini itirməyən, möcüzələr yaradan bir varidatdır. Biz də öyrəndiklərimizi, təcrübəmizi tətbiq etmək, paylaşmaq həvəsi və enerjisi ilə Vətənə döndük. İnanırıq ki, universitetin rektoru, professor Saleh Məhərrəmovun da səfərdən qayıdan heyətimizlə görüşündə qeyd etdiyi kimi, keçdiyimiz təlimlər müasir texnologiyaların öyrənilməsi və tədrisdə tətbiqi, layihənin uğurla reallaşdırılması baxımından əhəmiyyətli olacaq.