Sayt xəritəsi

XƏBƏRLƏR

MAGİSTRANTLARIN VI REGİONAL ELMİ KONFRANSI

10.06.2014

Naxçıvan Dövlət Universitetində magistrantların VI regional elmi konfransı keçirildi. Konfrans Universitet Televiziyasının hazırladığı, magistraturanın fəaliyyətini əks etdirən “Elmin zirvəsinə doğru” sənədli filminin nümayişi ilə başladı. Universitetin rektoru, professor Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək universitetdə magistratura təhsil pilləsi üzrə təhsilin səviyyəsindən, regionda elmi potensiala olan tələbatın ödənilməsindəki rolundan,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən magistrantların iş yerləri ilə təmin olunmasının daim diqqət və nəzarətdə saxlanılmasından, qarşıda duran vəzifələrdən  danışdı.   

                                                               

Konfransda universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev, Magistratura üzrə dekan, biologiya elmləri doktoru Etibar Məmmədov, “Mətbuat tarixi” ixtisaslaşması üzrə I kurs magistrant Kifayət Heydərova çıxış etdilər. Çıxışlarda magistrantların təhsil alması üçün yaradılan şəraitdən, maddi-texnika bazadan, onların elmdə və təhsildə qazandıqları nailiyyətlərdən bəhs olundu. Qeyd olundu ki, burada yaradılmış “Azərbaycanşünaslıq mərkəzi”, “Tələbə Turizm Assosasiyası”,  kitabxana, kompüter mərkəzi magistrantların elmi-nəzəri biliklərə yiyələnmələrinə, dünyagörüşlərini artırmağa xidmət edir. 1997-ci ildən fəaliyyət göstərən Magistraturada hazırda 268 nəfər magistr təhsil alır ki, onlardan 41 nəfəri xarici ölkə vətəndaşıdır. 2013-2014-cü tədris ilində  27 istiqamət, 41 ixtisaslaşma üzrə əyani və qiyabi şöbədə 190 magistr üçün yer ayrılmışdır.                                                                                                                         

 

Plenar iclasda elmi-ictimai fəallığına görə “İlin magistrantı” seçilən  “Mətbuat tarixi” ixtisaslaşması üzrə I kurs magistrant Kifayət Heydərovaya xüsusi diplom təqdim olundu. Elmi konfrans müxtəlif ixtisaslar üzrə 23 bölmə iclası ilə işini davam etdirdi. Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan magistrantların da təmsil olunduğu elmi konfransda 110 məruzə dinlənildi, onlardan ən yaxşıları seçilərək müxtəlif xüsusi diplomlarla təltif olundu.