Sayt xəritəsi

XƏBƏRLƏR

NDU-DA XARİCİ TƏLƏBƏNİN FƏRDİ SƏRGİSİ

23.06.2014

Naxçıvan Dövlət Universitetində rəsm sərgisi tamaşaçılara təqdim edilib. Magistraturanın təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisasının II kurs  tələbəsi Haticə Yalvaçın müxtəlif  janrlarda yaratdığı  əsərləri sərgidə nümayiş olunur.

 

Bu münasibətlə keçirilən tədbirdə  çıxış edən universitetin rektoru, Əməkdar elm xadimi, professor Saleh Məhərrəmov universitetdə dövlət başçısının və muxtar respublika rəhbərliyinin böyük dəstək və qayğısı sayəsində yaradılan güclü maddi-texniki bazanın yüksək intellektli, müasir dövrün tələblərinə cavab verən potensiallı kadrların yetişməsinə tam zəmanət verdiyini diqqətə çatdırıb. Natiq, universitetdə dəfələrlə ayrı-ayrı tədbirlərlə bağlı istər fərdi, istərsə də müxtəlif mövzularda rəsm sərgilərinin təşkil olunduğunu, təhsil ocağında artıq professional rəssamlıq məktəbinin formalaşdığını qeyd edib. Rektor, fərdi üslubu və təkrarsızlığı ilə seçilən növbəti rəsm sərgisinin müəllifi Haticə Yalvaça bu yolda nailiyyətlər diləyib. 

 

Universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev, təsviri-incəsənət kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq Rəssamı Hüseynqulu Əliyev, magistratura üzrə dekan, biologiya elmləri doktoru Etibar Məmmədov çıxış edərək muxtar respublikanın və universitet rəhbərliyinin gənc istedadların üzə çıxarılmasına və onların inkişafına göstərilən dəstək və qayğıdan bəhs edərək, rəssama yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

 

Sonda müəllif  Haticə Yalvaç ürək sözlərini tədbir iştirakçılarına çatdırıb.  Qeyd edək ki, sərgi universitetin konservatoriya binasının foyesində bir neçə gün sənətsevərlərin ixtiyarında olacaq.