Sayt xəritəsi

XƏBƏRLƏR

BAL ARISININ XƏSTƏLİKLƏRİ VƏ ZƏRƏRVERİCİLƏRİ İLƏ NECƏ MÜBARİZƏ APARMALI?

23.06.2014

Azərbaycanın ən qədim diyarlarından olan Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, biomüxtəlifliyi ilə seçilən əlverişli təbiəti, relyef quruluşu, müxtəlif və məhsuldar torpaq örtüyü, bu ərazidə qədim zamanlardan insanlar tərəfindən bir sıra təsərrüfat sahələrinin meydana gəlməsinə və inkişafına səbəb olmuşdur. Bu təsərrüfat sahələrindən biri də xalqımızın təsərrüfat və məişət həyatında başlıca yerlərdən birini tutmuş arıçılıqdır.                                                                                            

 

Müstəqillik qazanıldıqdan sonra şəxsi təsərrüfatlarda olan arı ailələri getdikcə artırılmış, təsərrüfatın bu sahəsi ilə məşğul olan adamlar dədə-baba qaydalarını heç vaxt unutmamış və arıçılığı inkişaf etdirərək bu günə qədər yaşatmışlar.     

 

Arıçılıq hal-hazırda təkcə insan üçün bal verən bir təsərrüfat sahəsi deyildir. Elmin və təbabətin yüksələn inkişafı arıların bir sıra tibbi və təsərrüfat əhəmiyyətli məhsullar hazırladığını müəyyən etmiş və arıçılıq farmakologiya sənayesini xammalla təmin edən bir sahəyə çevrilmişdir. Təbiətin möcüzəsi olan bu kiçik varlıqlar bal, mum, vərəmum, güləm, arı südü, arı zəhəri kimi çox dəyərli məhsullar hazırlamaqla yanaşı entomofil bitkiləri tozlandıraraq onların məhsuldarlığını artırır. Bu baxımdan da arıçılığın inkişafı diqqət mərkəzindədir.                     

 

Naxçıvanda arıçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılmış, yerli şəraitdə arı ailələrinin və onlardan əldə olunan əmtəəlik məhsulların miqdarı artaraq bütün dövrlərlə müqayisədə ən yüksək həddə çatdırılmışdır.                                                          

 

Bu günə qədər arıların bir çox xəstəlikləri, onların törədiciləri, xəstəliklərə qarşı mübarizə tədbirləri müəyyən edilmişdir. Respublikamızda arı xəstəlikləri haqqında bir neçə ədəbiyyat nəşr olunsa da yeni arı xəstəliklərinin aşkar edilməsi, onlara qarşı mübarizə vasitələrinin daim yenilənməsi, profilaktik tədbirlərin müasirləşməsi baxımından bu sahədə daha çox yeni elmi ədəbiyyatların yazılmasını və arıçıların məlumatlandırılmasını tələb edir. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin isxtisaslı mütəxəssisləri - biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, biologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Hüseynov, biologiya üzrə fəlsəfə doktoru Əli Tahirov və baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmlinin birgə hazırladıqları və yenicə işıq üzü görmüş “Bal arısının xəstəlikləri və zərərvericiləri” adlı kitabı arıçılığın bir sıra aktual problemlərinin həllini özündə əks etdirən sanballı bir ədəbiyyatdır.                                                                                                             

 

Bal arıları cəmiyyət halında yaşayan, ailədə çox ciddi iş bölgüsü həyata keçirən canlılar olub, yaşayış yerlərini hər zaman təmiz, daim havası dəyişdirilən, xəstəliklərdən qorunan halda saxlanılır. Amma buna baxmayaraq arılarının çoxlu düşmənləri və xəstəliktörədiciləri mövcuddur. Bal arısının infeksion, invazion və yoluxmayan xəstəlikləri, zərərvericiləri, yırtıcıları, arıxanada aparılan baytarlıq-sanitariya tədbirləri, mühit faktorlarının arılara təsiri haqqında son elmi nailiyyətləri özündə əks etdirən bu ədəbiyyat arıçılıq sahəsində hazırlanmış mükəmməl dərs vəsaitidir. Yeni nəşrdə arı xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasında istifadə edilən dərman vasitələri haqqında məlumat verilir. Kollektiv elmi-tədqiqatların, birgə təcrübələrin məhsulu olan dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 2 aprel 2014-cü il tarixli əmri ilə,  Naxçıvan şəhərində, “Əcəmi” nəşriyyatı tərəfindən nəşr olunmuşdur.   Kitabda arı ölümlərinə səbəb olan faktorlar geniş işıqlandırılmaqla yanaşı, dünya alimlərinin son dövrlərdə əldə etdiyi nailiyyətlər də öz əksini tapmışdır. Bu kitab həvəskar və peşəkar arıçılar, baytarlıq mütəxəssisləri, orta ixtisas və ali məktəblərin müvafiq fakültələrinin tələbələri, magistrlər, doktorantlar, müəllimlər, aqronomlar, ekoloqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş faydalı bir əsərdir.