Sayt xəritəsi

XƏBƏRLƏR

POLŞA UNİVERSİTETLƏRİ İLƏ ƏLAQƏLƏR GENİŞLƏNİR

23.06.2014

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalovun başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə Polşa Respublikasının Krakov şəhərində səfərdə olub, muxtar respublikanın 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan günləri”ndə iştirak edib. Nümayəndə heyətinin tərkibində Naxçıvan Dövlət Universitetini rektor, professor Saleh Məhərrəmov və beynəlxalq əlaqələr üzrə prorektor, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov təmsil edib.                                                                                                       

 

Beynəlxalq əlaqələr üzrə prorektor, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımovun verdiyi məlumata görə, səfər çərçivəsində heyət Krakov şəhərindəki bir sıra ali təhsil müəssisələrində olub, əməkdaşlıq sahəsində geniş spektri əhatə edən bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.                                                                                        

 

Polşa Elmlər Akademiyasının Krakov Bölməsində keçirilən görüşdən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə Polşa Elmlər Akademiyasının Krakov Bölməsi arasında “2014-2016-cı illər üzrə elm sahəsində əməkdaşlıq haqqında” protokol imzalandıqdan sonra nümayəndə heyəti Avropanın ən qədim tarixə malik universitetlərindən biri olan Yaqellon Universitetində olub. 650 illik tarixi olan Yaqellon Universitetinin rektoru, professor Voyçex Novak universitetin fəaliyyət istiqamətləri, elm, təhsil və beynəlxalq əlaqələr sahəsində görülən işlər barədə məlumat verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov Polşa-Azərbaycan arasındakı dostluq münasibətlərindən danışıb, ölkələrarası əlaqələrin inkişafında muxtar respublika ilə Krakov şəhəri arasında elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bunun üçün geniş imkanlar olduğunu bildirib. Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov muxtar respublikada elmin və təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə yaradılan müasir infrastrukturdan bəhs edib, universitetin strukturu, çoxşaxəli beynəlxalq əlaqələri, elm, təhsil sahəsində qazanılan nailiyyətlər haqqında məlumat verib. Görüşdə universitetlər arasında əməkdaşlıq protokolu imzalanması barədə razılaşma    əldə olunub.         

                                   

AGH Elm və Texnologiya Universitetinin rəhbərliyi ilə keçirilən görüşdə universitetin prorektoru Zbiqney Konkol əməkdaşlığın hər iki universitet üçün faydalı olacağına  əminliyini bildirib. Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov təmsil etdiyi universitetin 80-dən çox dünya universitetləri ilə sıx əməkdaşlığa malik olduğunu, bu ali məktəbdə 300-ən artıq xarici ölkə vətəndaşının təhsil aldığını vurğulayaraq Naxçıvan Muxtar Respublikası ilə Krakov ali təhsil müəssisələri arasında əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını bildirib. Universitetlər arasında müəllim, tələbə mübadiləsi, müştərək videokonfransların, elmi-tədqiqat işlərinin həyata keçirilməsi ilə bağlı niyyət protokolu imzalanıb. AGH Elm və Texnologiya Universitetinin rəhbərliyinin bu yaxınlarda Naxçıvan Dövlət Universitetinə səfəri və hər iki universitet arasında qarşılıqlı əməkdaşlıq haqıında müqavilə imzalnması planlaşdırılıb. 

 

Krakov İqtisadiyyat Universitetində keçirilən görüş də səmərəli olub. Universitetin rektoru, professor Andjey Xoxulla aparılan danışıqlar zamanı elm, təhsil, tədris sahəsində yeniliklərin tətbiqi, elmi-nəzəri bilik və təcrübələrin bölüşülməsi, tələbə mübadiləsi məsələləri müzakirə olunub. Naxçıvan Dövlət Universiteti ilə Krakov İqtisadiyyat Universiteti arasında niyyət protokolu imzalanıb, ali təhsil müəssisələri arasında əlaqələrin qurulması barədə razılıq əldə edilib. Krakov İqtisadiyyat Universiteti rəhbərliyinin oktyabr ayında Naxçıvan Dövlət Universitetinə səfəri zamanı anlaşma memorandiumunun imzalanması nəzərdə tutulur.                       

 

Nümayəndə heyəti digər rəsmi görüşlərdə, Krakov şəhərinin Opera Teatrında keçirilən, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş konsert proqramında iştirak edib.                                                                                                         

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalovun başçılıq etdiyi nümayəndə heyətinin Polşa səfəri zamanı qloballaşma və inteqrasiya yolunu tutan Naxçıvan Dövlət Universitetinin çoxşaxəli beynəlxalq əməkdaşlıq tarixçəsinə daha bir uğurlu səhifə yazılıb.