Sayt xəritəsi

XƏBƏRLƏR

ARGENTİNALI QONAQLAR UNİVERSİTETDƏ

09.07.2014

Argentinanın Azərbaycana təyin olunmuş ilk fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva və La Plata Milli Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun departament koordinatoru, professor Paulo Botta Naxçıvan Muxtar Respublikasına rəsmi səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuşlar.                         

                                                   

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs etmiş, Naxçıvan Dövlət Universitetinin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, dünya təhsilinə inteqrasiya yolu tutan, 50 ilə yaxın tarixi  inkişaf yolu keçmiş universitetin beynəlxalq əlaqələri bu illər ərzində genişlənmişdir. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olan  bu ali məktəb bir çox beynəlxalq layihədə də uğurla təmsil olunur. Universitetdə beynəlxalq münasibətlərin, müxtəlif xarici dillərin tədrisinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə  böyük əhəmiyyət verilir.       

                             

Səfir Karlos Dante Riva Azərbaycan-Argentina arasında diplomatik əlaqələrin qurulmasının 20 ildən artıq tarixə malik olduğunu, Argentinanın  9 mart 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu vurğulmış, iki ölkə arasında əlaqələrin inkişafından danışmışdır. Argentinalı diplomat ilk dəfə 2013-cü ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasına səfər etdiyini xatırladaraq ötən dövr ərzində regionun nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini məmnunluqla bildirmişdir. Qeyd olunmuşdur ki, ölkələrarası münasibətlərin inkişafında elm, təhsil sahəsində tərəfdaşlığın, mədəni əlaqələrin özünəməxsus rolu var və səfirlik Argentina universitetlərinin Azərbaycanın təkcə paytaxtında deyil, müxtəlif regionlarında fəaliyyət göstərən ali məktəblərlə, xüsusilə də Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığının inkişafına hərtərəfli köməklik göstərəcək.          

                  

Professor Paulo Botta La Plata Milli Dövlət Universiteti və onun nəzdindəki Beynəlxalq Münasibətlər İnstitutunun fəaliyyəti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Diplomatik Akademiyası və Qafqaz Universiteti ilə əməkdaşlığa malik olması haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, iki il öncə burada yaradılmış Azərbaycanşünaslıq kafedrası sayəsində argentinalı tələbələr Azərbaycanın tarixi, coğrafiyası, iqtisadiyyatı, siyasəti, milli mədəniyyəti haqqında geniş məlumatlar əldə edirlər. Kafedra tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə hazırlanmış  "Heydər Əliyev və müasir Azərbaycanın qurulması" adlı kitab və müstəqil Azərbaycanın son on illik inkişaf yolunu əks etdirən digər bir yeni nəşr ispandilli ölkələrdə Azərbaycanın təbliğinə xidmət edir.

 

Görüşdə universitetlərarası əməkdaşlığın inkişafı, birgə layihələrin təşkili, tələbə-müəllim mübadiləsi, virtual əlaqələrin genişləndirilməsi haqqında fikir mübadiləsi aparılmış, əməkdaşlıq müqaviləsinin imzalanması haqqında təkliflər dəyərləndirilmişdir.                                                        

 

Sonra tələbələrlə görüş keçirilmiş, professor Paulo Botta “Argentinanın beynəlxalq münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda məruzə etmiş, Argentina-Azərbaycan iqtisadi, siyasi, mədəni əalqələrindən, diplomatik münasibətlərindən danışmışdır. Beynəlxalq münasibətlər üzrə argentinalı tədqiqatçı tələbələrin suallarını cavablandıraraq Azərbaycanın siyasi və iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun artmaqda olduğunu, Argentinanın bu ölkənin dövlət müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmişdir.                                                               

Argentinanın səfiri Karlos Dante Riva və  Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov görüşdə çıxış edərək iki ölkə arasında diplomatik münasibətlərin inkişafından, elm, təhsil sahəsində əməkdaşlığın perspektivlərindən danışmışlar.          

 

Qonaqlar universitet kampusunu gəzərək tədris və elmi-tədqiqat yönlü laboratoriya və muzeylərdə, Memarlıq və mühəndislik fakültəsindəki Memarlıq və incəsənət tarixi kabinəsində, sərgi salonunda olmuşlar.