Sayt xəritəsi

XƏBƏRLƏR

NDU-DA ALMAN DİLİNDƏ TƏLİM KURSU KEÇİRİLİB

21.07.2014

Naxçıvan Dövlət Universitetində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə alman dilində keçirilən təlim kursu “Almaniyanın tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti” mövzusuna həsr olunmuşdu.

 

Təlim kursunda universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxışında, muxtar respublika rəhbərliyinin qayğısı və dəstəyi ilə təşkil olunan təlim kurslarının dövlət idarəçiliyi sahəsində milli kadr potensialı, yerli mütəxəssis hazırlığı, beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətindən bəhs edərək, Almaniyanın təhsil imkanları haqqında da məlumat verib. Naxçıvan Dövlət Universitetində dünya təhsil sisteminə inteqrasiya, ali təhsil sahəsində ümumavropa təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində mühüm işlər görüldüyünü bildirən prorektor, bu təlim kursunda universitetin alman dili ixtisası üzrə müəllim və tələbələrinin iştirak etməsini onların peşəkar mütəxəssis kimi formalaşmasında mühüm rol oynadığını nəzərə çatdırıb.

 

Təlimçi Almaniya Universitetinin professoru, alman dili üzrə mütəxəssis, xanım Annett Volff təlimin gedişi zamanı mövzu barədə mühazirələr edib, dərs dediyi universitet haqqında ətraflı məlumat verib və slaydlar təqdim olunub. Təlim kursunda həmçinin,  interaktiv metodlardan istifadə etməklə dilin tədrisi, sürətli və səlis danışıq, dilin qrammatik quruluşunun tədrisində müasir üsullardan bəhs olunub.

 

Qeyd edək ki, keçirilən təlim kursunda  Naxçıvan Dövlət Universitetinin alman dili ixtisası üzrə müəllim və tələbələri iştirak ediblər. 7 gün davam edən treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.