Sayt xəritəsi

XƏBƏRLƏR

NDU-DA PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQ

15.09.2014

 

Payız fəslinin gəlişi qışa hazırlıq tədbirlərinə nəzarətin artırılması zərurətini yaradır. Bir neçə aydan sonra qış qapımızı döyəcək. İşığa, qaza, isitmə sistemlərinə tələbat artacaq. Bununla əlaqədar Naxçıvan Dövlət Universitetində  2014-2015-ci tədris ilində payız-qış mövsümünə hazırlıq sahəsində görülən işlərlə maraqlandıq. Universitetin Təsərrüfat işləri üzrə prorektoru Araz Zalovdan aldığımız məlumata əsasən Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisində yerləşən bütün tədris korpuslarında payız-qış mövsümünə hazırlıqla bağlı müvafiq işlər görülüb. Belə ki, qışa hazırlıqla əlaqədar qaz, istilik, su və elektrik xətləri nəzərdən keçirilib, hazır vəziyyətə gətirilib, yaşıllaşdırma işlərinə və səliqə-sahmana diqqət artırılıb. Universitet kampusunda qazanxanalar yoxlanılaraq, sınaq üçün işlədilib, həmçinin qapı və pəncərələrdə qırılmış şüşələr yeniləri ilə əvəz olunub. Qazanxanaya gələn su və elektrik xətləri saz vəziyyətə gətirilib. Binaların örtük hissəsində təmir işləri aparılıb.         
                        
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində 12 tədris korpusu,  müasir tipli Tələbə evi, Qonaq evi , Tələbə Sosial Xidmət Mərkəzi, universitet klinikası, Olimpiya idman mərkəzi, Elektron kitabxana, 2 stadion, Botanika bağı, Konservatoriya binaları fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetinin Tələbə evi, Qonaq evi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığı əsasında yüksək səviyyədə əsaslı təmir və yenidən qurulduqdan sonra 28 fevral 2011-ci ildə tələbələrin istifadəsinə verilib. Tələbə Evində bugün 467 nəfər, o cümlədən Türkiyədən, İrandan, Misirdən, Cənubi Koreyadan, Nigeriyadan, Banqladeşdən, Hindistandan və digər ölkələrdən 30-dan artıq tələbə yaşayır. NDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Elşən Məmmədovun verdiyi məlumata görə, hər il olduğu kimi, yeni tədris ilinə hazırlıq məqsədilə Tələbə evində tətil vaxtı müəyyən işlər aparılıb, mərtəbələrdə və otaqlarda təmizlik, foyedə tərtibat işləri görülüb və yeni şüarlar yazılıb. Tələbə Evinin həyətində də bir sıra abadlıq işləri aparılıb, yeni gül kolları və tinglər əkilib. Tədrislə bağlı universitetə gələn xarici qonaqların qış mövsümündə yaşaması üçün Qonaq evində də hər cür şərait yaradılıb.
Bütün bunlar deməyə əsas verir ki, universitetdə yeni dərs ilində də tədris yüksək səviyyədə davam  etdiriləcək. İnanırıq ki, tələbələr bugün gəncliyə göstərilən dövlət qayğısından düzgün yararlanaraq, yaradılan yüksək şəraitdən səmərəli istifadə edərək, təhsildə yüksək nəticələr əldə edəcəklər.